Sumqayıt şəhərində 8 Noyabr - Zəfər Günü qeyd olunur.
"Report" xəbər verir ki, şəhərin Şəhidlər xiyabanında abidə kompleksinin və "Qalib əsgər" heykəlinin açılışı olub.
Tədbirdə Sumqayıt, Qubadlı və Zəngilan rayon icra hakimiyyətlərinin rəsmiləri, deputatlar, şəhidlərin ailə üzvləri, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Milli qəhrəman, şəhid polkovnik Şükür Həmidovun atası Nəriman Həmidov, sakinlər, ictimaiyyət nümayəndələri çıxış ediblər.
Mərasimdə şəhidlərin məzarı ziyarət edilib, üzərinə tər qərənfillər düzülüb və ruhuna dualar oxunub.
Qeyd edək ki, Sumqayıt şəhərində 1992-ci ildə salınan, 510 şəhidin uyuduğu Şəhidlər xiyabanında yenidənqurma işləri aparılıb. Giriş hissədə postament üzərində Şəhidlar xiyabanı sözləri yazılıb. Hündürlüyü 30 metr olan dirəkdə Azərbaycan bayrağı dalğalanır. Ətrafı mərmərlə üzlənən fəvvarə kompleksi, 3 ədəd buta və ay ulduz formalı “Əbədi məşəl” kompleksi yaradılıb.
"Qalib əsgər" heykəli Şəhidlər xiyabanının mərkəzi hissəsində qoyulub. Divarları mərmər və qranitlə üzlənib, döşəmələrə qranit vurulub. Ərazidə yaşıllıq örtüyü salınıb. İşıqlandırma sistemi daha da müasirləşdirilib.