"Ermənistan nə qədər yayınsa da, iki ölkə arasında sülhün imzalanması an məsələsidir, çünki onun Azərbaycan qarşısında beynəlxalq öhdəlikləri var".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Slovakiyadan olan siyasi şərhçi Jozef Hrabina bildirib.
Onun sözlərinə görə, Ermənistan danışıqları təxirə salmağa və gecikdirməyə çalışır:
"Aydındır ki, Ermənistan-Azərbaycan münaqişəsi rəsmi Bakının suverenliyinin bərpası ilə başa çatıb. Ötən 20 ildə qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişib. Ona görə də sülh müqaviləsinin nə vaxt imzalanacağı an məsələsidir. Gürcüstanda Azərbaycanın təklifi ilə birgə görüş isə Cənubi Qafqazda sülh prosesində həlledici və həyati vacib addımlardan biri kimi qəbul edilməlidir. Bəli, Ermənistan danışıqları təxirə salmağa və gecikdirməyə çalışır, çünki uduzan tərəfdir və danışıqları ləngitmək onların strategiyasıdır. Onlara kömək edə biləcək bir strategiya hazırlamağa çalışırlar, özləri üçün zərəri azaltmağa kömək edəcək bir strategiya".
J.Hrabina vurğulayıb ki, Fransa Ermənistanı aktiv və birtərəfli şəkildə dəstəkləyir:
"Onlara kömək etməyə çalışırlar. Bu ittifaq və ya tərəfdaşlıq guya Ermənistanın yeni təhlükəsizlik təminatı tapmasına yönəlib. Biz görürük ki, Fransa son bir neçə ildə Ermənistanla beynəlxalq ticarəti, xüsusən də hərbi-sənaye kompleksi üzrə ticarətin həcmini artırır. Fransalı siyasətçilər və qərar qəbul edən şəxslər Qarabağdakı son hadisələr zamanı Ermənistanı aktiv şəkildə dəstəkləyirdilər. Amma mən bu kimi addımların nəticələrə müsbət təsir edəcəyini düşünmürəm. Bölgədə stabilliyi bərpa etmək və irəli baxmaq üçün Ermənistan sülh müqaviləsini nə qədər tez imzalasa, bir o qədər yaxşı olar", - siyasi şərhçi əlavə edib.