Serbiya şirkətləri Qarabağın bərpasında iştirak etməkdə maraqlıdırlar.
Bunu "Report"a müsahibəsində Serbiyanın Azərbaycandakı səfiri Draqan Vladislavlyeviç deyib.
“Serbiya şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan torpaqlarının yenidən qurulması və dirçəlişində iştirak etmək üçün böyük marağı və lazımi potensialı var. Səfirliyimiz və Serbiyanın bir çox rəsmiləri, o cümlədən Prezident Aleksandr Vuçiç bu barədə Azərbaycan tərəfini məlumatlandırıb. Bu, təkcə tikinti şirkətlərinə yox, həm də kənd təsərrüfatı və smart texnologiyalarla məşğul olanlara aiddir”, - o bildirib.
Səfir qeyd edib ki, Serbiyada planlaşdırılan layihələr və onların icrası prosesi haqqında dəqiq məlumat yoxdur, ona görə də hələ heç bir Serbiya şirkətinin Azərbaycan bazarına daxil olmaq imkanı yoxdur: “Bununla belə, ölkə səfirliyi Serbiya şirkətlərinin bu prosesə cəlb edilməsi imkanlarını təmin etmək üçün Azərbaycanın səlahiyyətli qurumları ilə əlaqələrini davam etdirir”.
Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.