Tbilisi. 26 fevral. REPORT.AZ/ "Məqsədimiz Xocalı həqiqətlərini dünyaya çatdırmaq və bu qanlı faciəyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinə nail olmaqdır".
"Report"un Gurcüstan bürosu xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyev Fondunun başlatdığı "Xocalıya ədalət" kampaniyası çərçivəsində səfirlik silsilə tədbirlər hazırlayıb: "Artıq Gürcüstanın bölgələrində və paytaxt Tbilisidə anma mərasimləri keçirilib. Yerli mətbuatda Xocalı soyqırımından bəhs edən yazılar dərc olunub. Bu gün səfirlikdə qanvermə aksiyası təşkil olunub. Tədbirlərimiz davam edəcək."
Diplomat vurğulayıb ki, Xocalı faciəsinə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsi istiqamətində mübarizə də davam edir: "Bununla bağlı ulu öndərimiz Heydər Əliyevin başlatdığı siyasət Prezident İlham Əliyev tərəfindən uğurla aparılır. Biz də səfirlik olaraq bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik".