“Avropa İttifaqı Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi prosesinə dəstəyini davam etdirəcək”.
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko dekabrın 15-də Bakıda keçirilən mətbuat konfransında deyib.
“Minalardan təmizlənmə azad edilmiş ərazilərin bərpasının vacib hissəsidir. 27 ölkə bu prosesi dəstəkləyir”, - o bildirib.
Onun sözlərinə görə, Aİ layihələri bütün ölkəni əhatə edir: “Biz artıq işğaldan azad edilmiş ərazilərə dəstək üçün belə bir fürsəti nəzərdən keçiririk. Hakimiyyətdən bu ərazilərdə hansı layihələrin prioritet olması ilə bağlı cavab gözləyirik”.
O əlavə edib, bu layihələrdə iştirak Azərbaycan üçün artıq elan olunmuş 2 milyard avro məbləğində iqtisadi və investisiya dəstəyi paketi çərçivəsində digər alətlərdən istifadə etməklə mümkündür.
P.Mixalko Cənubi Qafqazda dayanılıq sülh və rifahın bərqərar olacağına ümid etdiyini vurğulayıb.