Xocalı hadisələrinin şahidi: ​"Qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq" - MÜSAHİBƏ

Xocalı hadisələrinin şahidi: ​"Qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq" - MÜSAHİBƏ "Qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq"
Qarabağ
26 Fevral , 2016 17:13
Xocalı hadisələrinin şahidi: ​Qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq - MÜSAHİBƏ

Bakı. 26 fevral. REPORT.AZ/ Bu gün Xocalı soyqırımının 24-cü ildönümü qeyd olunur. Xocalı faciəsi XX əsrin sonlarında ermənilər tərəfindən  Azərbaycan xalqına qarşı törədilən misli görünməmiş terror aktı və tarixdə bənzəri olmayan soyqırım siyasəti olub. Xalq zorakılıqdan qaçıb qurtulmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilib. Faciədən sonra dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilən 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. "Report" Xocalı hadisələrinin şahidi, 15 yaşından əlinə silah alıb ön cəbhədə vuruşan və "mübariz döyüşçü" adını alan, Qarabağ əlili Əhəd Əliyevin müsahibəsini təqdim edir.

"Sanki xalq yatmışdı Xocalı hadisəsi insanları oyatdı"

- Xocalı faciəsini necə xatırlayırsız?

- Xocalı faciəsi Azərbaycan xalqının gözünü açdı. Sanki xalq yatmışdı, Xocalı hadisəsi insanları oyatdı. Ermənilər Xocalı camaatından çox qorxurdular. 1991-ci ilin əvvəlində mühasirədə olan Xocalıya ermənilər girməyə cəsarət etmirdilər. Ona görə də Xocalıya gecə vaxtı girib insanları yatdığı yerdə güllə-baran etdilər. Fevralın 25-də axşam saatlarında ermənilər Xankəndidəki Rusiyaya məxsus 366-cı mexanikləşdirilmiş atıcı alay və muzdlu quldur dəstələrlə Xocalı şəhərinə hücum etdilər. İlk zərbə hava limanına vuruldu. Həmin vaxt Milli Qəhrəman Əlif Hacıyev dispetçer məntəqəsini partladaraq düşmən əlinə keçməsinin qarşısını almışdı. Milli Qəhrəman Tofiq Hüseynov xocalıların mühasirədən çıxmasına şərait yaradıb. Onlarla insan onun köməkliyi sayəsində Xocalıdan çıxa bilmişdilər. Tofiq Hüseynov isə mühasirəyə düşən vaxt özünü güllələmişdi. Belə faktlar çoxdur.

"Rusların köməyi olmasaydı, Xocalı soyqırımı da baş verməzdi"

- Əgər Xocalıdan çıxıb qaçmaq mümkün idisə, bəs niyə xocalılar vaxtında şəhəri tərk etmədilər?

- Ümumiyyətlə, Xocalı camaatı mərd, qorxu bilməz, qürurlu camaat idi. Ermənilər tez-tez Xocalını atəşə tuturdular, hücum edirdilər. Camaat çoxdan çıxıb azad ola bilərdi. Amma qaçmırdılar. Elə bilirsiz ki, doğulub boya-başa çatdığın kəndi, evi atıb qaçmaq asandır? Atışma olan kimi kişilər şəhərin mühafizəsinə qalxırdı, qadınlar, yaşlılar körpələr isə evlərin zirzəmilərində gizlənirdilər. Xocalı mühasirədə qalanda ermənilər Xocalının kəndlərinə heç yaxın dura bilmirdilər. Rusların köməyi olmasaydı, Xocalı soyqırımı da baş verməzdi. Xocalı camaatı üç istiqamətdə şəhəri tərk etmişdi. Bir hissəsi Naxçivanik kəndi, bir hissəsi Ağdamın Şelli kəndi, bir hissəsi isə Qarakənd kəndi istiqamətinə hərəkət etmişdi. Naxçıvanik istiqamətinə gedənlər əsir düşmüşdü. Ağdam istiqamətinə günün işıqlı vaxtında gələnlər isə Şelli meşəsində və Qarakənd kəndi istiqamətində güllələnmişdi. Xocalı camaatının bir hissəsi isə nisbətən tez - Xocalı şəhəri atəşə tutulan zaman şəhərdən çıxıb Ağdama istiqamətinə doğru hərkət etmişdilər ki, onların da bir qismi yolda don vurmasından və aclıqdan ölərək tələf olmuşdular, bir qismi isə sağ-salamat Ağdama çatmışdılar.

"Qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq"

- Faciənin səhəri, fevralın 26-da gördükləriniz yadınızda necə qalıb?

- Faciənin səhərisi gün Xocalıda ölənlərin cəsədləri və yaralıların bir hissəsi Ağdam məscidinə gətirildi. Cəsədlərə baxanda sanki insanlar vəhşi, yırtıcı heyvanların hücumuna məruz qalmış kimi idilər. O dəhşətli anları danışmaq çox çətindi. Mən gördüklərimi dilə gətirməkdə əziyyət çəkirəm. Xocalı soyqırımı insanlara qarşı vəhşicəsinə törədilən ən böyük terror aktı idi. Bir yanda valideynləri gözlərinin qarşısında vəhşicəsinə öldürülən körpələrin qışqırıq səsi, bir yanda övladları gözlərinin qarşısında süngüdən keçirilən anaların fəryadı, təcavüzə məruz qalan qız-gəlinlər, xüsusi amansızlıqla öldürülən, başı bədənindən ayrılan kişilər, əliyalın, işgəncələrə məruz qalan qocalar - o dəhşətli səhnə gözlərimin önündən, o səs-küy isə indiyə qədər qulaqlarımdan getmir. Ağdamda Türkiyədən bir həkim var idi. Həmin həkim yaralılara ilkin tibbi yardım göstərirdi. Birdən dedilər ki, türk həkimin ürəyi gedib. Gəldik gördük ki, azərbaycanlı bir qadının düz bağırsağından əməliyyat zamanı butulka şüşəsi çıxarıblar. Xocalı çox dəhşətli hadisə idi. Fevralın 26-da səhər biz getdik Xocalıya, yol boyu insan cəsədlərini, işgəncələrə məruz qalmış insanları, qandan yaranmış gölməçələri gördükcə əsəbdən ağlayırdıq. Amma yenə də qorxmurduq. Əsgəran tərəfdən Xocalı istiqamətində meşənin içi ilə hərəkət edirdik. Çünki qisas hissi bizi boğurdu. Ermənilər Xocalıda bizim qeyrətimizi, namusumuzu ləkələmişdilər, heysiyyatımıza toxunmuşdular.

"Ermənilər harda tək azərbaycanlı görürdülərsə, onu döyürdülər"

- Qarabağ və ətraf rayonlarda ermənilər azərbaycanlılarla bir yerdə yaşayırdılar. O zaman ermənilərəin azərbaycanlılara qarşı nifrəti, ərazi iddiası hiss olunurdu?

- Mən 1975-ci ildə Ağdamın İsmayılbəyli kəndində anadan olmuşam. 1988-ci ildən başlayaraq ermənilər yenidən Azərbaycana qarşı ərazi iddiasına başladılar. Qarabağ müharibəsinin ilk izləri də buradan başladı. Ermənilərin yaşadığı Azərbaycan kəndlərinə tək getmək, onların yaşadığı məhəllələrdən keçmək mümkün deyildi. Çünkü ermənilər hardasa tək azərbaycanlı görürdülərsə, onu döyürdülər, kənddən qovurdular. O vaxt mənim 13 yaşım olsa da, bütün bunlar gözümün qabağında baş verirdi və ermənilərə qarşı nifrətim də buradan yarandı. 1989-cu ilin sonu 1990-cı ilin əvvəlində azərbaycanlılarla ermənilər arasında münasibətlərdə gərginlik artmışdı. Sanki çörəyimizi yeyib, suyumuzu içən, bir məktəbdə oxuyub yoldaşlıq, dostluq etdiyimiz, çətin və dar günlərində kömək etdiyimiz ermənilərdən əsər-əlamət qalmamışdı. İllərlə bizim bağımızı, bostanımızı əkib-becərən, qapımızda fəhlə kimi çalışan, mal-qaramızı otaran ermənilər tamamilə dəyişmişdi.

"Erməninin cəsədinin üstünə neft töküb onu yandırdılar"

- Siz kiçik yaşlarınızdan ermənilərə qarşı vuruşub, könüllü özünümüdafiə batalyonunda xidmət etmisiz...

- Mənə "mübariz döyüşçü" deyirdilər. O vaxt mənim 15 yaşım var idi. Kəndimizin bütün cavanları müxtəlif kənd təsərrüfatı alətləri, sopalarla silahlanıb gəzirdilər. Ağsaqqallarımız isə deyirdilər ki, ermənilərə güvənmək olmaz. Mənim böyük qardaşım o vaxt könüllü olaraq Rusiyadan kəndə qayıtmışdı. Müstəqilliyimizin ilk illərində Azərbaycanda ordu hələ formalaşmamışdı. Ancaq könüllülər vətənin müdafiəsinə qalxıb torpaqlarımızı qoruyurdular. İlk şəhidimizi də o zaman Ağdamın Novruzlu kəndində verdik. Könüllülər dəstəsinə Yaqub adlı döyüşçü başçılıq edirdi. Ona "Qatır Məmməd" də deyirdilər. Kəndə yayıldı ki, "Qatır Məmməd" həmin şəhidimizi öldürən ermənini tapıb gətirib və onun məzarı yanında erməninin başını kəsdi. Sonra həmin erməninin cəsədinin üstünə neft töküb onu yandırdılar. Daha sonra bizim hərbi müəllimimiz Məhəmməd müəllim, həmkəndlimiz Hümmət şəhid oldular. Bundan sonra kənddə abu-hava dəyişdi. Ermənilərə nifrət daha da artdı. 1991-ci ilin əvvəllərində könüllü özünümüdafiə batalyonlarından ibarət ordu yarandı. Həmin könüllülər arasında mənim iki böyük qardaşım da var idi. Mənim yaşım az olsa da, həmişə qardaşlarımın yanında olurdum. Düzdür, ilk günlərdə qardaşlarım, kəndimizin cavanları məni qoymurdular onlarla birlikdə olum, amma onlar hara gedirdilərsə, mən də gedirdim. 1992-ci ilin əvvəlində isə artıq mən də silahlanıb postlarda xidmət edirdim. Azərbaycan Silahlı Qüvvələri yarandıqdan sonra Ağdərə rayonunda xidmətə başladım.

"Mən qoçaqlığımdan yox, faciədən danışıram"

- Həmin vaxt Ağdərədə vəziyyət necə idi?

- Ağdərə rayonunda qızğın döyüş gedirdi. Biz bir neçə dəfə hücüm edib, ermənilərin əsas dislokasiya məntəqələrini və postlarını yarıb Ağdarəyə girmişdik. O vaxt bizdə qorxu deyilən bir şey yox idi. Biz Ağdərəyə girəndən sonra ermənilər rayonu tamamilə mühasirəyə aldılar. Biz səkkiz gün mühasirədə qaldıq, amma ermənilərə əsir düşmədik. Düzdür, ölənimiz də, yaralananımız da oldu. Qışın sərt keçən qarlı-buzlu vaxları idi. Mənim ayağımı isə don vurmuşdu. Elə vaxt olurdu ki, ayağımın ağrısına dözməyib, özüm öz ayağımı güllələmək istəyirdim. Amma fikirləşirdim ki, dostlarım, döyüş yoldaşlarım deyəcək ki, Əhəd müharibədən qorxub özünü güllələdi. Mühasirədə qaldığımız 8 gün ərzində əlimiz hər şeydən üzülmüşdü. Hətta arxa cəbhədə olanlar, mənim valideynlərim elə bilirdilər ki, artıq biz ölmüşük. Mühasirənin səkkizinci günündə isə biz mühasirəni yarıb çoxlu sayda itki verərək azad olduq. Mən qoçaqlığımdan yox, faciədən danışıram, döyüşdüyüm illər ərzində 2 dəfə ağır yaralanmışam, amma sağaldıqdan sonra yenidən cəbhəyə qayıtmışam. Dəfələrlə qəlpə yarası almışam, amma doğma ata-baba yurdumu atıb qaçmamışam. 

Son xəbərlər

Orphus sistemi