Moskva. 28 dekabr. REPORT.AZ/ "Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz".
Bunu "Report"un Rusiya bürosuna açıqlamasında Beynəlxalq Avrasiya Hərəkatının sədri, Rusiyanın ictimai-siyasi xadimi və politoloq Aleksandr Duqin bildirib.
"Ümumilikdə, 2017-ci il dünyanın artıq birqütblü olmaması ilə yadda qaldı: yeni oyunçular, yeni fiqurlar yaranır və artıq çoxqütblü dünyanın konturları açıq-aydın görünür. Rusiya tarixən həmişə müstəqil güc mərkəzi, təsir mərkəzi olmağa iddia edib. Yaxın Şərqdəki hadisələr, Trampın siyasəti, Avropa və postsovet məkanında baş verən çoxsaylı proseslər ilə əlaqədar Rusiya dünyanın qütblərindən biri olduğunu sübut etdi. Bakı ilə əlaqələrin yeni formatı da bununla müəyyən olunur", - A.Duqin deyib.
Onun sözlərinə görə, Azərbaycan rəhbərliyi dünyada qüvvələrin qlobal nisbətindəki bütün dəyişiklikləri diqqətlə və dərindən qavrayır: "Azərbaycan Prezidenti İlham Əliyev özünü dünyada baş verən bütün dəyişikliklər üzrə fəal mövqe tutmağa çalışan diqqətli siyasi lider kimi göstərir. O, 2017-ci ildə siyasətin obyekti yox, subyekti olduğunu sübut etdi. O cümlədən o, Rusiya ilə İran və Türkiyə arasında yaxınlaşmada böyük rol oynayıb. Yeni bir strateji oxun yaradılmasında da o, əhəmiyyətli rol oynamağa başlayıb. Azərbaycan Moskva-Ankara-Tehran konfiqurasiyasında geosiyasi nəzarəti birləşdirir və onun regional siyasətdə rolu artır. Bakı bir növ ümumi səhmləri saxlayan subyektə çevrilir, Ermənistan isə kənarda qalır. Yerevan təcili surətdə bu getməkdə olan qatara əyləşməlidir və o zaman onlar regionun geosiyasətində layiqli yerini tutacaq. Hamı bu işdən qazanmalıdır".
O, yeni strateji oxun yaranmasında Azərbaycan və Rusiya liderlərinin tez-tez görüşməsinin, eləcə də iki ölkənin intellektual elitası arasında münasibətlərin formalaşmasının birbaşa böyük rol oynadığını qeyd edib.
Gələn il üçün proqnoz verən, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə A.Duqin bildirib ki, 2018-ci il həm çoxqütblü dünyanın yaradılması, həm də bu münaqişənin həlli planı baxımından həlledici olmalıdır: "Məncə, Azərbaycan buna - regionda statusunun artmasına hazırdır. Burada, ilk növbədə, müəyyən mənada Azərbaycanın potensialını tam açmasına mane olan Qarabağ məsələsini həll etmək lazımdır. Bu, Rusiya-Azərbaycan münasibətlərində yeni yüksəliş olacaq".
Onun sözlərinə görə, istənilən münaqişənin həllində iki mərhələ olur: nəzəri həllin tapılması və bu həllin praktikada həyata keçirilməsidir: "Əslində nəzəriyyə baxımından irəliləyiş bir ildən çoxdur hazırdır - Dağlıq Qarabağ ətrafındakı beş rayonun Azərbaycana verilməsi barədə qərar 2016-cı ildə razılaşdırılıb. Bu həllin nəzəri paradiqması onun münaqişə tərəflərinin hamısını və digər regional gücləri, hətta Qərbi belə razı salmasıdır. Serj Sarqsyan isə hər dəfə bu sazişlərin həyata keçirilməsi prosesinə mane olur".
"Rusiya Ermənistanı tərk edə bilməz, onlar bizim müttəfiqimizdir, bu məsələdə heç bir şübhə yoxdur. Amma iş ondadır ki, Rusiya Ermənistan kimi lokal təsisat naminə qlobal geosiyasi maraqlarını qurban verə bilməz. Biz onun suverenliyinin saxlanılmasını, müstəqilliyinin dəstəklənməsini, erməni identikliyini qoruyacağımızı öhdəmizə götürümüşük - bunlar maraqlarımız daxilindədir. Lakin digər tərəfdən, Ermənistan Türkiyə və Azərbaycan ilə münasibətlərimizdə maneə ola bilməz. Hamı anlamalıdır ki, geosiyasətdə ərazi mübahisələrindən də daha böyük dəyərə malik məsələlər var", - A.Duqin bildirib.
Gələn il Azərbaycan və Ermənistanda prezident seçkilərinin keçiriləcəyini xatırladan A.Duqin bu beş rayonun qaytarılmasının tarixi dəyərinin hansısa seçki yarışmasından xeyli çox olduğunu qeyd edib.
Onun sözlərinə görə, münaqişənin həllinin gecikdiriləcəyi təqdirdə, vəziyyət geri qaytarılması mümkün olmayacaq dərəcədə pozula və kəskinləşə bilər: "Ona görə də 2018-ci ildə bu beş rayonun Azərbaycana qaytarılmasının zəruri olduğunu hesab edirəm. Əks halda, göstərilən səylər və danışıqlar prosesində əldə olunan bütün nailiyyətlər əhəmiyyətini itirər. Bu, Rusiya üçün də üzücü və məyusedici olacaq. Çünki bütün bunlar Azərbaycanla davam edən yaxınlaşmaya, Qafqazda, Xəzər dənizi regionunda və Yaxın Şərqdə birgə siyasət yürüdülməsinə təsir edə bilər. O zaman münaqişənin sülh yolu ilə nizamlanması prosesindəki səylərimiz kənardan gülünc görünəcək və buna görə də bu razılaşmaların həyata keçirilməsi üçün maksimum səy göstərməliyik".
A.Duqin qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə real proses işə düşsə, bu, Rusiya ilə Azərbaycan arasında inteqrasiyanı gücləndirəcək.
"Bu, AİB (Avrasiya İqtisadi Birliyi - red.) və ya KTMT-yə (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı - red.) qoşulmaqla bağlı birbaşa proses demək deyil, struktur prosesində dəyişiklikdir - Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərini tənzimləməsidir", - o vurğulayıb. Hərəkat lideri əlavə edib ki, bununla Bakı regionda öz təsirini gücləndirəcək.
O, Rusiyanın sərbəst və tamhüquqlu oyunçu olacaq Azərbaycanın müstəqil və suveren olmasında maraqlı olduğunu qeyd edib.
"Biz heç Rusiyameyilli yox, elə Azərbaycanmeyilli Azərbaycanın olmasında maraqlıyıq. Azərbaycanın güclənməsi Türkiyə və İran ilə əlaqələrimizi gücləndirmək üçün fürsətdir. Bakı bütün hallarda Moskva-Ankara-Tehran üçbucağının strateji qapısıdır. Bakı bu ittifaqda əsas konstruksiya olur. Geosiyasi stavkalar çox yüksəkdir, buna görə də ardıcıl hərəkət etməliyik", - ekspert bildirib.