"Fransa Senatının Dağlıq Qarabağla bağlı tövsiyə qətnaməsi əslində Qərbin böyük dövlətləri tərəfindən Qarabağdakı hadisələri istədikləri məcraya yönəltmək üçün ilkin sınaq addımıdır".
Bunu “Report”a verdiyi açıqlamasında rusiyalı politoloq, “Avrasiya fikirləri emalatxanası” adlı fondun rəhbəri Qriqori Trofimçuk dilə gətirib.
“Bu addımın, daha doğrusu, təcrübənin Paris tərəfindən Ağ Evə gələcək yeni administrasiya ilə razılaşdırıldığı şəksizdir. Hələlik ABŞ hadisələri kənardan izləyir. Odur ki, bu məsələni Fransanın Türkiyədən bir növ intiqamı kimi şərh etmək olmaz, hərçənd bu məqam da var”, - deyən politoloq həmçinin Rusiyanın rəsmi olaraq ATƏT-in Minsk qrupu formatını səmərə baxımdan şübhə altına almadığını da qeyd edib:
“Belə bir sərt addım atılıb-atılmayacağı da maraqlıdır. Hərçənd ATƏT-in Minsk qrupundan söz düşmüşkən, bu qurumun aciz olduğunu ekspertlərdən elə ancaq mən son illər ərzində mütəmadi şəkildə bildirmişəm”.
Xatırladaq ki, noyabrın 25-də Fransa Senatına təqdim olunan “Dağlıq Qarabağ respublikasını tanımaq zərurəti” adlı 145 nömrəli qətnamə layihəsi müzakirə olunaraq 306 deputat tərəfindən 305 səslə qəbul olunub. Ertəsi gün Fransa Xarici İşlər Nazirliyi qondarma rejimi tanımadıqlarını bildirib.