Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ üçün idarələrarası humanitar əməliyyatlar mərkəzi yaratmaq haqqında fərman imzalayıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya liderinin dediyinə görə, yeni qurum qaçqınların daimi yaşayış yerlərinə qaytarılması, Dağlıq Qarabağda mülki infrastrukturu bərpa etmək, normal yaşayış şəraiti yaratmaq üçün Azərbaycan və Ermənistan dövlət qurumları ilə qarşılıqlı əlaqələr qurulması ilə məşğul olacaq.
Kremlin mətbuat xidmətindən verilən məlumata görə, gələcək qurum sözügedən istiqamətdə müxtəlif dövlət qurumlarının fəaliyyətini uzlaşdıracaq. Həmçinin prezident Putin yeni mərkəzin müharibə fəsadları ilə üzləşən bölgələrin sakinlərinə humanitar yardımların çatdırılması üçün ictimai təşkilatlarla da əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.