Alessandra Rokkasalvo: BMTİP Qarabağda minatəmizləmə üçün innovativ texnologiyalara diqqət yetirəcək

Alessandra Rokkasalvo: BMTİP Qarabağda minatəmizləmə üçün innovativ texnologiyalara diqqət yetirəcək Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) arasında əməkdaşlıq Qarabağda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Birgə səylər ərazilərin minalardan və partlay
Qarabağ
7 Avqust , 2024 13:01
Alessandra Rokkasalvo: BMTİP Qarabağda minatəmizləmə üçün innovativ texnologiyalara diqqət yetirəcək

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyi (ANAMA) arasında əməkdaşlıq Qarabağda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Birgə səylər ərazilərin minalardan və partlayıcı əşyalardan təmizlənməsinə yönəlib ki, bu da vaxtilə buradan qovulmuş azərbaycanlıların geri qayıtması üçün mühüm əhəmiyyət kəsb edir.

Bu əməkdaşlıq həm də kənd təsərrüfatı və infrastrukturun inkişafına kömək edir və minalarla çirklənmiş ərazilərdə həyat keyfiyyətini yaxşılaşdırır. Bu yaxınlarda BMTİP və ANAMA Azərbaycanda Minalardan Təmizləmə üzrə Qabaqcıl Təcrübə Mərkəzinin yaradılması niyyəti haqqında bəyannamə imzalayıblar.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandra Rokkasalvo “Report”a müsahibəsində bu Mərkəzin gələcək fəaliyyəti, minatəmizləmənin Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunmasına təsiri, Ermənistanın minalanmış ərazilərin dəqiq xəritələrini Azərbaycana təqdim etməkdən imtinasının nəticələri və s. barədə danışıb.

- Minalardan Təmizləmə üzrə Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzinin rolu və fəaliyyəti haqqında ətraflı məlumat verə bilərsinizmi?

- Beynəlxalq Mükəmməllik və Təlim Mərkəzi təlim, potensialın artırılması,milli və regional minalarla mübarizə institutlarına texniki dəstək vasitəsilə ən qabaqcıl təcrübələri, innovasiyaları, təhlükəsizlik və səmərəliliyi təşviq edəcək. Yerli təcrübəni genişləndirməklə Azərbaycan irimiqyaslı minalarla çirklənmə problemini həll etməyə daha hazırlıqlı olacaq, üstəlik, hətta belə problem olan digər ölkələrə də yardım edə biləcək.

- Sizcə, Azərbaycanda minatəmizləmənin uzunmüddətli məqsədlərinə çatmaq üçün hansı əlavə resurslara və ya dəstəyə ehtiyac var?

- Beynəlxalq tərəfdaşlar və donorlar tərəfindən dəstəklənən dayanıqlı maliyyə sərmayəsi, müasir texniki avadanlıq və genişləndirilmiş təlim proqramları Azərbaycanda uzunmüddətli minatəmizləmə fəaliyyəti üçün zəruridir.

Pilotsuz uçuş aparatları, mexaniki minatəmizləmə, süni intellekt və peyk görüntüləri kimi innovativ texnologiyalar sayəsində minatəmizləmə əməliyyatları əhəmiyyətli dərəcədə daha səmərəli ola bilər.

İctimaiyyətin cəlb edilməsinə və mina riski ilə bağlı maarifləndirməyə investisiya qoyuluşu da həyati əhəmiyyət kəsb edir.

- DİM-lərə nail olmaq üçün minalardan təmizlənmənin nə dərəcədə vacib olduğunu deyə bilərsiniz?

- Bir çox DİM-ə nail olmaq minalarla mübarizənin effektivliyindən asılıdır. Çirklənmiş torpaqların təmizlənməsi, zərər çəkmiş şəxslərin dəstəklənməsi və insanların risklər barədə maarifləndirilməsi onların evlərinə qayıtması, təsərrüfatlarında işləməsi, uşaqlarının təhlükəsiz olması, qadın və qızların daha çox imkanlara malik olması deməkdir.

- Qarabağda minalanmış ərazilərin dəqiq xəritələrinin olmamasının nəticələrini necə qiymətləndirirsiniz?

- Onların olmaması minatəmizləmə səyləri üçün ciddi problemlər yaradır. Bu, minatəmizləyicilər və mülki şəxslər üçün risklərin artmasına gətirib çıxarır, minatəmizləmə əməliyyatlarının səmərəliliyini və sürətini azaldır. Bu həm də keçmiş məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının qarşısını alır.

Xəritələrin olmaması həmçinin minalardan təmizləmə üçün tələb olunan xərcləri və resursları artırır, zərər çəkmiş ərazilərdə sosial-iqtisadi bərpa və inkişafa mane olur.

Biz BMTİP-də minaların və müharibənin partlayıcı qalıqlarının yerləri haqqında məlumat mübadiləsi və zərərin müəyyən edilməsi üzrə əməkdaşlığı qətiyyətlə təşviq edirik.

- Yaxın gələcəkdə BMTİP və ANAMA arasında hansı yeni layihələr gözlənilir?

- BMTİP və ANAMA öz səylərini minatəmizləmə əməliyyatlarının genişləndirilməsinə, potensialın gücləndirilməsi təşəbbüslərinin artırılmasına və bu işə innovativ texnologiyaların tətbiqinə yönəldəcək.

Birgə səylərə yerli icmalarla qarşılıqlı əlaqə proqramları, risklər barədə məlumatlandırma kampaniyaları və minalardan zərər görmüş bölgələrdə həyat fəaliyyətinin dayanıqlılığının inkişaf etdirilməsi daxildir.

Minatəmizləmə əməliyyatlarının koordinasiyasını və səmərəliliyini artırmaq üçün məlumat və informasiya idarəetmə sistemlərinin gücləndirilməsi də gözlənilir.

Son xəbərlər

Orphus sistemi