Qubadlı rayonu ərazisində Dövlət Sərhəd Xidmətinin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə "Report"a qurumun Mətbuat Mərkəzindən məlumat verilib.
Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadiqov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham ƏliyevinAli Baş Komandanlığıaltında xidmət etməyin hər bir Azərbaycan sərhədçisi üçün böyük şərəf və qürur mənbəyi olmasını xüsusi qeyd edib, hazırda Azərbaycan-Ermənistan dövlət sərhədində üçrəngli dövlət bayrağımız altında Azərbaycanın dövləti maraqlarının ən yüksək səviyyədə qorunmasını vurğulayıb.
Azərbaycan sərhədçilərinin həyat və sağlamlıqlarını qorunmaq, şəxsi heyətin xidməti ərazidə təhlükəsiz hərəkətlərinə şərait yaratmaq üçün təyinatlı olan yeni sərhəd mühafizə orqanlarının fəaliyyətə başlaması münasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbir çərçivəsində Mühəndis-İstehkam Mərkəzinin inzibati binası və təchizat anbarı, mina və partlamamış hərbi sursatların aşkar edilməsi üzrə mövcud texniki vasitələr, xüsusi geyimlər tədbir iştirakçılarına nümayiş etdirilib. Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhəd xətti boyu minaladığı ərazilərdən sərhədçi-istehkamçıların hazıradək 340 ədəd tank əleyhinə və 825 ədəd piyada əleyhinə mina, çoxsaylı partlamamış sursatlar aşkarlayaraq zərərsizləşdirmələri, xidməti ərazidə bu fəaliyyətin gündəlik olaraq davam etdirilməsi qeyd olunub.
Bu Mərkəzin hərbi qulluqçuları tərəfindən sərhədboyu ərazilərdə şəxsi heyətin və hərbi nəqliyyat vasitələrinin hərəkəti üçün yolların salınması istiqamətində görülən işlər xüsusi vurğulanıb.
Yeni istifadəyə verilən dördmərtəbəli, 70 çarpayı fonduna malik Hərbi Xəstəxanada hərbi qulluqçulara yüksək ixtisaslı tibbi yardımın göstərilməsi üçün yaradılmış şəraitə baxış keçirilib. Hərbi Xəstəxanada əməliyyat, ultra-səs müayinəsi və exokardioqrafiya, stomatoloji, manipulyasiya otaqları, somatik və infeksion palataları var. Bununla yanaşı, inzibati otaqlar, əczaxana, depo, yeməkxana, mətbəx, ərzaq və əşya anbarları mövcuddur. Bölmələr tibb heyəti ilə tam komplektləşdirilmiş, zəruri avadanlıq və cihazlarla təchiz olunublar. Hərbi tibb müəssisəsi mərkəzi istilik sistemi ilə təmin edilib.
Hərbi xəstəxananın tibbi ambulans avtomobillərinə baxış keçirilib, səhra şəraitində yaralılara ilkin tibbi yardım göstərilməsi və onların təxliyə edilməsi üçün yaradılmış imkanlar nəzərdən keçirilib.