“İkinci Qarabağ müharibəsi, o cümlədən minaların Azərbaycan ərazilərinə kortəbii yerləşdirilməsi onu göstərdi ki, ermənilər hərbi, texniki, təşkilatı cəhətdən çox zəifdirlər. Bunu Ermənistan ordusundakı fərarilik, intihar halları da təsdiqləyir”.
Bunu “Report”a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
Ermənistanın mina xəritələrini verməməsinə toxunan siyasi icmalçı hesab edir ki, Azərbaycanın yeganə yolu səbr etmək, təmkinli davranmaqdır: “Beynəlxalq qurumlara indiyədək dəfələrlə müraciət edilib, çağırışlar olunub. Ancaq ciddi nəticə əldə etməmişik. Ona görə də tələskənliyə yol vermək, prosesləri süni şəkildə tezləşdirmək olmaz. Qarabağa səfər edən vətəndaşlarımız oradakı polislərin, səlahiyyətli şəxslərin nəzarəti altında hərəkət etməlidirlər. Belə olsa, problem yaşanmaz, itkilər vermərik".
T.Abbasovun fikrincə, diplomatiyada da ayıq-sayıq olmalıyıq: “Erməniləri çox yaxşı tanıyırıq. Onların vədlərinə, çağırışlarına artıq inanmaq olmaz. İrəvan çalışacaq ki, minalı ərazilərin xəritəsini alətə çevirməklə prosesləri uzatsın. Amma onlara inanmaq doğru deyil. Minalı ərazilərin təmizlənməsi istiqamətində ciddi işlər gedir. Düzdür, bu, asan deyil, vaxt alacaq. Lakin alternativimiz yoxdur”.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə 2020-ci il noyabrın 10-dan cari il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-ə yaxın şəxs həlak olub və ya yaralanıb.
Həmçinin işğaldan azad edilən torpaqlarımızda indiyədək ümumilikdə 10 455 piyada əleyhinə, 4640 tank əleyhinə mina, 12 637 PHS aşkarlanıb. 62 855 782 kv.m (6286 ha) ərazi isə mina və PHS-lərdən təmizlənib.
Əlbəttə, minaların basdırılması və bundan siyasi şantaj predmeti kimi istifadə edilməsi terrorizmin təzahürüdür. Bu, mina terrorunun erməni vandalizminin yeni forması olduğunu bir daha sübut edir. Ermənistanın hazırda Azərbaycana qarşı həyata keçirdiyi mina terroru yenilik deyil. Bütün dünyaya məlumdur ki, Ermənistan ilk dəfə ərazi iddiaları irəli sürdüyü dövrdə də Azərbaycana və Türkiyəyə qarşı yüzlərlə terror aktı törədib.