Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edilib

Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edilib Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.
Qarabağ
29 Dekabr , 2020 16:07
Dağlıq Qarabağda televiziya və radio yayımı ilə bağlı qərar qəbul edilib

Milli Televiziya və Radio Şurasının (MTRŞ) video formatda iclası keçirilib.

MTRŞ-dan "Report"a bildirilib ki, iclasda işğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayım infrastrukturunun bərpası işlərindəki son durum və həmin ərazilərdə televiziya və radio yayımının təşkili məsələsi müzakirə olunub.

“Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin mütəxəssislərinin işğaldan azad olunmuş ərazilərdə teleradio yayımı infrastrukturunun bərpasının hazırki vəziyyəti barədə Milli Televiziya və Radio Şurasının Texniki nəzarət şöbəsinə məlumatı dinlənilib.

Müzakirələrdən sonra Şuşa şəhərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən Radio Televiziya Yayım Stansiyaları (RTYS) vasitəsilə ölkə üzrə sosial (açıq) paketdə olan televiziya kanallarının və 3 ümumölkə radio kanalının (Azərbaycan Radiosu, İctimai Radio və ASAN Radio) Dağlıq Qarabağ və ətraf ərazilərdə yayımının təşkil olunması barədə qərarlar qəbul edilib.

İclasda bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə yeni yayım tezliklərinin istifadəyə verilməsi ilə digər ümumölkə radio kanallarının da həmin ərazilərdə yayımının təşkili nəzərə alınacaqdır. İclasda həmçinin “Caspian İnternational Broadcasting Company” MMC-nin regional televiziya yayımı lisenziyasının alınması üçün Milli Televiziya və Radio Şurasına müraciətinə də baxılıb.

Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıran bir kanalın işğaldan azad olunmuş ərazilərdə yayımının təşkilinin xüsusi əhəmiyyətini və təxirəsalınmazlığını nəzərə alaraq Şura “Caspian İnternational Broadcasting Company” MMC-yə (CBC Televiziya kanalı) Dağlıq Qarabağ və ətraf ərazilərdə yerüstü yayımın həyata keçirilməsi məqsədilə müddətsiz regional televiziya yayımı lisenziyasının verilməsi barədə qərar qəbul edib.

Son xəbərlər

Orphus sistemi