Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən II beynəlxalq humanitar konfransın iştirakçıları Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən aparılan minatəmizləmə prosesi ilə tanış olublar.
"Report" xəbər verir ki, qonaqlara aparılan humanitar minatəmizləmə əməliyyatları barədə məlumat verilib, aşkar edilmiş minanın partladılması nümayiş etdirilib.
Konfrans iştirakçıları həmçinin 2023-cü ilin aprelində tank əleyhinə minaya düşmüş avtomobilin qalıqları ilə əyani tanış olub, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin qərargahında olub, Ağdam rayonunun bərpa planları ilə tanış olublar.
Bundan əlavə, qonaqlar mina partlaması nəticəsində zərər çəkmiş amputasiyalı futbolçuların oyununa tamaşa ediblər.
Xatırladaq ki, bu gün Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda minalardan təmizləmə üzrə ikinci beynəlxalq humanitar konfrans keçirilir.
Konfrans Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin birinci günü Ağdamda, ikinci günü isə Bakıda baş tutacaq.
Tədbirin əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdır. Bundan başqa, problemin qlobal xarakter daşıdığını nəzərə alaraq, konfrans humanitar minatəmizləmə üzrə milli və qlobal Dayanıqlı İnkişaf Məqsədinin (DİM) təqdim edilməsini, bu istiqamətdə birgə tərəfdaşlıq və dəstəyin gücləndirilməsini hədəfləyir.
Konfransda 50-dən çox ölkədən 160-a yaxın rəsmi şəxs – sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, nüfuzlu beynəlxalq təşkilatların, minatəmizləmə sahəsində fəaliyyət göstərən qurumların, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak edir.