“Azərbaycan evlərinə qayıdan keçmiş məcburi köçkünlər üçün rahat, təhlükəsiz və davamlı həyat təmin etməyi qarşısına məqsəd qoyub”.
“Report” xəbər verir ki, bunu İsveçrənin “sa_partners” şirkətinin təsisçi tərəfdaşı Dunya Kovari Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib.
O vurğulayıb ki, Zəngilanın Baş Planı tərtib edilərkən onun çox yaşıl şəhər olmasına diqqət yetirilib: “Biz bu şəhərin gələcəyinin olmasını və bütün ağacları qorumaq istəyirik. Buranın park-şəhər olmasını istəyirik”.
D.Kovari bildirib ki, Zəngilan şəhərində yaradılacaq ictimai infrastruktur da “yaşıl” olmalıdır.
Onun sözlərinə görə, Kəlbəcərin Baş Planı hazırlanarkən isə turizm sahəsi əsas diqqət mərkəzində olub: “Şəhər hərəkətli və idman həyat tərzinə uyğun olmalıdır”.
“Sa_partners” şirkətinin təsisçi tərəfdaşı Qubadlının Baş Planı hazırlanarkən şəhərin landşaftının nəzərə alındığını deyib: “Onun konsepsiyasının əsas prioriteti gölməçələr, göllər və yaşıl-mavi çalarlardan ibarət olacaq”.