Dünyada sülhün bərqərar olmasında və möhkəmlənməsində səyyahların da üzərinə böyük yük düşür.
“Report”un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu fikirləri "NomadMania" səyyah klubunun rəhbəri Hari Mitsidis Xankəndidə Qarabağ Universitetində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə həyata keçirilən sürətli yenidənqurma işləri məmnunluq doğurur:
“Biz bu gün burada altı qitənin 30 ölkəsini təmsil edirik. Qeyd edim ki, Qarabağa gəlmək və Xankəndidə olmaqdan məmnunam. Biz burada, həmçinin Füzuli və Şuşada müharibənin acı reallıqlarının izlərini gördük. Bununla belə, burada sürətlə aparılan yenidənqurma işləri məmnunluq doğurur. Şahidi olduğumuz vəziyyət onu deməyə əsas verir ki, dünyaya sülh lazımdır”.
H.Mitsidis səyyahların dünyada sülhün təbliğində böyük rol oynadıqlarını vurğulayıb:
“Belə qənaətə gəlirəm ki, dünyada sülhün yayılmasında səyyahların böyük rolu var. Dünyada sülhü təbliğ edən səyyahlar qorxunun nə olduğunu bilməyən insanlardır. Sülhün təbliği elə bir məsələdir ki, bu işdə ümidsiz olmamalısan. Əgər bu yolda nədənsə çəkinsən və qorxsan, o halda insanların azadlıq hissini və sülhə doğru atılan addımları düzgün təbliğ edə bilməzsən”.
O, əsl səyyahın fərqliliyə dözümlü münasibət bəsləməli olduğunu qeyd edib:
“Mən sülh anlayışının sinonimi olan dözümlülük barədə də danışmaq istəyirəm. Dözümlülük əsl səyyahın fərqli insanlara və mədəniyyətlərə doğru düşüncə ilə yanaşmasıdır”.