Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər edib

Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər edib Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülərin Ağdama səfəri başlayıb.
Qarabağ
532
14 Avqust , 2021 16:57
Gənclər təşkilatlarının nümayəndələri və könüllülər Ağdama səfər edib

Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən bir sıra aparıcı gənclər təşkilatlarının nümayəndə heyətinin işğaldan azad olunmuş Ağdam rayonuna səfəri baş tutub.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, avqustun 14-ü baş tutan səfərdə 20 gənclər təşkilatının 40-dək nümayəndəsi Ağdam rayonunda Pənahəli xanın imarəti, İmarət stadionu, Ağdam Cümə və Qiyaslı məscidləri və Ağdam Dövlət Dram Teatrına ziyarət edərək Ağdam şəhərinin tarixi, mədəniyyət abidələri ilə tanış olublar.

Səfərdə iştirak edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad edib, işğaldan azad olunan torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.

Gənclər ölkə başçısının Ağdama səfəri zamanı vurğuladığı “Qırx dörd günlük müharibə bizim gücümüzü göstərdi, Silahlı Qüvvələrimizin rəşadətini göstərdi, qəhrəmanlığını göstərdi, xalqımızın birliyini göstərdi. Biz bir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdik, düşməni torpağımızdan qovduq. Qırx dörd günün hər bir günü qəhrəmanlıq dastanıdır, hər bir günü bizim üçün əzizdir, doğmadır. Çünki hər gün biz irəli gedirdik, hər gün. Bir gün də geri addım atmamışıq” sözləri xatırlanıb, həmçinin Ağdamın Baş Planı ilə tanış olublar.

Səfərdə iştirak edən nümayəndələr Qarabağ torpağının ölkəmiz üçün əhəmiyyətini, regionun zəngin tarixi və mədəni irsini dünyaya çatdırmaq, bundan sonra da haqq səsimizi geniş miqyasda duyurmaq üçün, gənclərin fəaliyyətinin artacağını qeyd ediblər. Qeyd edək ki, gənclər təşkilatları Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında hər zaman fəal iştirak etdikləri xüsusilə vurğulanıb.

Gənclərin azad olunmuş Ağdama səfəri, 44 günlük Vətən müharibəsindəki zəfərlə bağlı təəssüratları dinlənilib, qonaqlar Cümə məscidində və Şahbulaq qalasında xatirə fotosu çəkdiriblər.

14:31

Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri və könüllülərin Ağdama səfəri başlayıb.

"Report"un Qarabağ Mərkəzi xəbər verir ki, qonaqları Azərbaycan Respublikası Prezidentinin Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb.

Səfər çərçivəsində ilk olaraq Ağdam şəhərində yerləşən və birinci Qarabağ xanı Pənahəli xanın yay sarayı olmuş XVIII əsrə aid tarix-memarlıq abidəsinə ziyarət təşkil olunub.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağdam rayonu üzrə nümayəndəsi Mirzə Cavadov qonaqlara ətraflı məlumat verib, onlara Mehdiqulu xanın və Xurşidbanu Natəvanın məzarlarını göstərib. Eyni zamanda abidənin və məzarların ermənilər tərəfindən dağıdıldığı qeyd olunub.

Son xəbərlər

Orphus sistemi