Ermənistan silahlı birləşmələri növbəti dəfə Tovuzun Əlibəyli kəndi istiqamətində təxribat törədib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, düşmənin silahlı qüvvələri ötən gün axşam saatlarında yaşayış məntəqəsini iriçaplı silahlardan atəşə tutub.
Düşmənin silahlı qüvvələri bununla Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində vəziyyəti yenidən gərginləşdirməyə cəhd edir.
Ağdam kəndindən sonra bu dəfə Əlibəyli kəndi və dinc sakinlər iriçaplı silahlardan atəşə tutulub. Sakinlər bildirir ki, düşmən həmişəki kimi havanın qaranlıqlaşmasından istifadə edərək, işıq yanan evləri daha çox atəşə tutur.
Kənd sakini Fərhad Tanrıverdiyevin sözlərinə görə, Əlibəyli bir neçə gündür intensiv atəşə məruz qalır: "Ermənilər dünən gecədən başlayaraq kəndi və yerli sakinləri atəşə məruz qoyur. Onların məqsədi sakinləri qorxutmaqdır. Sağ olsun ordumuz, düşməni cavab atəşi ilə susdurdu.
Hazırda kənddə həyat öz axarı ilə davam edir. Fermerlər payız mövsümü ilə əlaqədər heyvandarlıq təsərrüfatları üçün qış tədarükü görür".
Kəndin digər sakini Murad Aslanov isə bildirib ki, əgər düşmən əvvəllər Azərbaycan hərbçilərinin yerləşdiyi mövqeləri atəşə tuturdusa, indi yalnız kənd sakinləri hədəf seçilir.
Qeyd edək ki, düşmən təxribatı zamanı hərbçilər, mülki şəxslər arasında ölən və ya xəsarət alan olmayıb. Düşmən Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal həyata keçirilən cavab tədbirləri nəticəsində susdurulub. Hazırda cəbhəboyu ərazilərdə vəziyyət tam olaraq ordumuzun nəzarəti altındadır.