Erməni xislətini üzə çıxaran mina problemi: Qarabağ düşmən “izlərindən" necə təmizlənir? - REPORTAJ

Erməni xislətini üzə çıxaran mina problemi: Qarabağ düşmən “izlərindən" necə təmizlənir? - REPORTAJ “Müharibə sülhdür. Azadlıq köləlikdir. Cəhalət gücdür".
Qarabağ
27 Noyabr , 2023 13:27
Erməni xislətini üzə çıxaran mina problemi: Qarabağ düşmən “izlərindən necə təmizlənir? - REPORTAJ

“Müharibə sülhdür. Azadlıq köləlikdir. Cəhalət gücdür".

Corc Oruel

Gecə saat 3-dür. Bir azdan Ağdama yola düşəcəyik. Çantamı hazırladıqdan üç-beş dəqiqə sonra sürücüdən zəng gəlir: “Dediyiniz yerdə gözləyirəm”. Qapını yavaşca örtüb evdən çıxıram. Payızın yazı xatırladan havasına aldandığım üçün yanımda qalın geyim götürməmişəm. Maşına əyləşib digər iş yoldaşlarımızı götürməyə gedirik. Budur, Qarabağa tədbirlərə getməyə vərdiş etmiş həmkarım maşına tərəf gəlir, evdə əlinə keçən isti paltarlarının hamısını da özü ilə gətirir. Həmkarım bu dəfə də tədbirə gedir, biz isə minalarla, daha doğrusu, minalanmış ərazilərlə tanış olmağa. Yolboyu beynimdə qarşılaşacağım mənzərənin eskizini cızıram. Deyəsən, istəmədən eskizlərimdə qarabağlı dostlarımın danışdıqları və travmaları da yer alır.

Bəllidir ki, artıq ərazilərin işğaldan azad olunmasından üç il ötür, bu dövr ərzində Qarabağ və Şərqi Zəngəzurda əsaslı bərpa və quruculuq işləri görülüb. Ancaq hər Qarabağ deyəndə təsəvvürümdə yerlə yeksan edilmiş yaşayış yerləri, rəngləri soldurulmuş mədəniyyət ocaqları, ibadət evləri, bir də qonşularımızın əkdiyi ölüm toxumları canlanır. Ağdamın içərisinə doğru irəlilədikcə də təsəvvürümün məni yanıltmadığını sezirəm. “Qafqazın Hiroşiması”, “Ruhlar şəhəri” adlandırılan bu yerdə gördüyüm odur ki, ermənilər heç ruhlara da dinclik verməyiblər. Qonşularımız dirilərdən əllərini üzəndə cəhalətin verdiyi həmin güc ilə ölülərimizin qəbirlərinə qədər giriblər. Yəni dirilərdən “qurtarıb” bir xeyli də ölülərimizlə vuruşublar.

İşğal və savaşın izlərinə tamaşa edə-edə Sarıcalı kəndinə doğru irəliləyirik. O kənd ki dörd bir tərəfinə, hətta evlərinin içərisinə belə minalar döşənib. Kəndə gedən yolda bizi Minatəmizləmə Agentliyinin (ANAMA) 5 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarov müşayiət edir. Yolboyu erməni hərbçilərinin qazdıqları səngərlər, hördükləri “müdafiə divarları”, müşahidə göyərtələri ilə tanış oluruq. Onları izləyərkən bir şeyi aşkar görürəm ki, ermənilər 30 il ərzində dillərinə almasalar belə, Ağdamın və digər işğal altında saxladıqları ərazilərin Azərbaycana məxsus olduğunu qəbullanıblar, ancaq bu həqiqəti həzm edə bilməyiblər. Çünki əks təqdirdə, bu yerləri xarabalığa yox, gülüstana çevirmiş olardılar. Biz də onları yenidən inşa etmək məcburiyyətində qalmazdıq.

Mövcud səhnə mənə "Bir neçə yaxşı adam" (A few good men) filminin məşhur "Sən həqiqətin öhdəsindən gələ bilməzsən!” ifadəsini xatırladır. Bəli, qonşularımız ölülərimiz, dirilərimiz, hətta ruhlarımızla da vuruşublar, ancaq həqiqətin öhdəsindən gələ bilməyiblər. Və budur, indi biz həmin həqiqətə söykənərək Qarabağa, Şərqi Zəngəzura qayıdırıq və bu qayıdışın baş tutacağı yerlərdən biri də ermənilərin mina tarlasına çevirdiyi Sarıcalı kəndidir. ANAMA əməkdaşları artıq kənddə evlər olan əraziləri minalardan təmizləyiblər. Ancaq otlaq və əkin sahələrində təmizlənmə işləri hələ də davam edir.

Artıq təməlqoyma mərasimi keçirilmiş bu kəndin öz yerində yenidən salınması nəzərdə tutulur. Sarıcalı kəndi ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin əməliyyat keçirdiyi beş müxtəlif ərazidən biridir. Ağdamda buradan başqa daha üç ərazidə sözügedən əməliyyat qrupu təmizləmə işləri həyata keçirir. Onların minalarla savaşdığı digər bir yer isə qan yaddaşımız olan Xocalıdır. Ümumilikdə, ANAMA bu gün Xankəndi də daxil olmaqla işğaldan azad olunmuş bütün ərazilərdə öz fəaliyyətini icra edir.

Xaliq Zülfüqarovdan əldə etdiyimiz məlumata görə, Sarıcalı kəndi ərazisindən çıxan minalar, əsasən, tank əleyhinə olan TM-62P2 markalı, plastik gövdəli minalardır. Üstəlik onlar tam istifadəyə yararlı və təhlükəlidirlər. Sıradan çıxarılmaları da çox vaxt tələb edir. Ancaq ümumilikdə minatəmizləmədə zaman deyilən bir şey yoxdur, minaaxtaranı qətiyyən tələsdirmək olmaz. Çünki onu tələsdirmək təhlükəsizliyi ikinci plana atmaq mənasına gəlir ki, bu, ANAMA-nın fəaliyyətində qəbulolunmazdır.

Plastik gövdəli minaların xüsusiyyətlərindən söz açmazdan əvvəl Ermənistan silahlı birləşmələrinin ərazidə kustar üsullarla hazırlanmış partlayıcılardan sıx istifadə etdiyini də qeyd etmək yerinə düşər. Bu partlayıcılara nümunə kimi Xaliq Zülfüqarov müxtəlif təyinatlı və çaplı top mərmilərinin öz gilizindən çıxarılmasından söz açır və bildirir ki, erməni silahlıları gilizin alt hissəsindən yerlər açaraq oraya müəyyən hissəyə qədər partlayıcı maddələr yerləşdiriblər. Sonra isə onları kolluqlara qoyublar. Həmin sursatlar kənardan müxtəlif üsullarla partladılırmış. Əməliyyat rəhbəri vurğulayır ki, 152 mm-lik bir mərminin partlaması 50 metrlik məsafəyə qədər ölüm təhlükəsi yaradır və qarşı tərəf bu kimi partlayıcılardan bir çox yerlərdə istifadə edib.

Plastik gövdəli minalar da elə həmin partlayıcılar qədər təhlükəlidir. Onların tərkibindəki metal hissələrin az olması detektorun həmin minanı daha gec tapmasına səbəb olur. Bu işdə təmizləmə qrupunun köməyinə həm də xüsusi təlim keçmiş minaaxtaran itlər çatırlar. Hətta bu tip minaların tapılmasında itlərin rolu əvəzsizdir. Minaaxtaran itlər minanın özünü tanımırlar, onlar minanı məhz tərkibindəki partlayıcı maddənin qoxusu hesabına tapırlar. Ona görə də minaaxtaran itlər plastik gövdəli minaların yerini rahat müəyyən edirlər. Xaliq Zülfüqarov söyləyir ki, minaaxtaran itlərlə yanaşı, işğaldan azad olunmuş ərazilərdə minaaxtaran siçovullar da əməliyyatlara cəlb olunurlar və elə onlar da minaaxtaran itlərlə eyni funksiyanı icra edirlər.

Ancaq qeyd etməliyəm ki, Beynəlxalq Minatəmizləmə Standartlarına (IMAS) əsasən, təmizləmə işlərində hər bir cığır üzrə iki minaaxtaran it əməliyyata cəlb edilir. İlk olaraq bir minaaxtaran it cığırı yoxlayır, ərazidə heç bir minanın ötürülmədiyinə əmin olmaq üçün isə həmin yer ikinci minaaxtaran it tərəfindən təkrar yoxlanılır. İkinci minaaxtaran itin işi başa çatdıqdan sonra isə sahədə əminlik yoxlaması aparılır. Ən sonda tam təmizlənmiş əraziyə xarici keyfiyyət qrupu baxış keçirir. Həmin yoxlamadan sonra sahə tam təmiz sayılır.

ANAMA əməliyyat qruplarının təhlükəsizliyi məsələsinə də çox etinayla yanaşır. Belə ki, əgər bir sahədə ambulans, həkim dəstəyi yoxdursa, oradakı əməliyyatlar dərhal dayandırılır. Yalnız həkim həmin əraziyə qayıtdıqdan sonra yenidən əməliyyatlara başlanılır. Bütün əməliyyat qrupları zəruri avadanlıqlarla təchiz edilmiş ambulansla təmin edilirlər.

Bunlarla yanaşı, ANAMA bölgəyə gözlənilmədən, icazəsiz səfər edən şəxsləri də diqqətdə saxlayır, onların məlumatlı və ehtiyatlı olması üçün tədbirlər görür.

İşğaldan azad edilmiş ərazilərdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirici irimiqyaslı bilbordlar quraşdırılıb. Eyni zamanda, Agentliyin əməliyyat apardığı və təmizlədiyi ərazilərdə xüsusi işarələrdən istifadə edilir. Bu işarələmə sistemi özünəməxsusdur. Məsələn, əgər əraziyə sancılmış 120 sm-lik taxtanın yuxarı hissəsi ağ rəngdədirsə, bu, o deməkdir ki, həmin ərazi minadan təmizlənib və tam təhlükəsizdir. Yox, əgər yuxarı hissə qırmızı rəngdədirsə, deməli, taxtanın arxa tərəfi minalı ərazidir. Amma ziyarətçilər onu da bilməlidirlər ki, bu işarələmə sırf əməliyyat işarələridir.

İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsini əks etdirən üçbucaq formalı işarələr də quraşdırılıb, lakin işarələnməmiş ərazilər də mövcuddur. ANAMA nümayəndəsi elə bu səbəbdən əraziyə səfər edən şəxslərin nəzər yetirməli olduqları məqamlara diqqət çəkir: “Təmizlənmiş ərazilərdə tikinti-abadlıq işləri aparılır. Hansı ərazilər ki təmizlənməyib, orada, ümumiyyətlə, iş getmir, hündür otlar, kollar olur və həmin ərazilərə çox vaxt tələlər yerləşdirilmiş olur. Əgər bir ərazidə partlayıcı maddə qalıqları və ya diqqətçəkən bir əşya görürlərsə, deməli, həmin ərazi təhlükəlidir”.

Minalı ərazilərdə aparılan iş prosesi və ANAMA-nın iş mexanizmi haqda məlumat əldə etdikdən sonra Xaliq Zülfüqarovun müşayiəti ilə aşkar olunmuş mina və hərbi sursatların toplanma məntəqəsinə baş çəkirik. Minatəmizləmə əməliyyatı zamanı ərazidəki təhlükəsizlik baxımından daşına bilən hərbi sursatların, raket, mina, eləcə də kustar üsulla hazırlanmış partlayıcıların qalıqları toplanaraq buraya daşınıb və burada kiçik bir təpə yaranıb.

Qeyd edək ki, mina və partlayıcı qurğular təhlükəsizlik səviyyəsinə görə daşınabilən, qismən daşınabilən və yerində məhv edilməli olaraq kateqoriyalara bölünür.

Bütün bunları izləyərək ANAMA-nın necə çətin və məsuliyyətli bir işin öhdəsindən gəldiyinin şahidi oluruq. Sirr deyil ki, müharibənin 2020-ci ilin noyabrında başa çatmasına baxmayaraq, indiyədək Ermənistan rəsmiləri minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina edir. ANAMA əməkdaşları bu gün Ermənistan hərbi birləşmələrinin 30 il ərzində basdırdığı minaları heç bir xəritə olmadan aşkarlayır və zərərsizləşdirirlər. Ötən üç il ərzində təxminən 109 mindən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Ancaq hesablamalara görə, Azərbaycan əraziləri təxminən 1,5 milyona yaxın mina və hərbi sursatlarla çirkləndirilib.

Bu göstəriciləri və üç il ərzində Ermənistanın mina xəritələrini verməkdə maraqlı olmadığını gördükdə beynimdə bir sual fırlanır: 30 il ərzində torpaqları işğal altında saxlanılmasına baxmayaraq, sülh təşəbbüsü ilə çıxış edən Azərbaycan qədər Ermənistan da sülh istəyirmi?

Müharibə artıq bitib, Qafqaz sülh istəyir və qalıcı sülh hazırda həm də həmin mina xəritələrinin verilməsini tələb edir.

Foto: Firudin Səlimov

Son xəbərlər

Orphus sistemi