“Media Təhlil Mərkəzi” İctimai Birliyi (MTM) Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmini istehsal edib.
MTM-dən "Report"a bildirilib ki, film erməni tarixçilərinin və onların xaricdəki havadarlarının saxta iddialarına qarşı hazırlanıb.
Qeyd olunub ki, film “Media Təhlil Mərkəzi” İctimai Birliyi və CBC telekanalının birgə əməkdaşlığı nəticəsində ərsəyə gəlib.
Bildirilib ki, Xocavənd rayonunun Tuğ kəndinə həsr olunan “Müqəddəs irs” filmi böyük əhəmiyyət daşıyır. Filmin ideya müəllifi CBC kanalının baş direktoru Vüqar Xəlilov, redaktoru Ayaz Mirzəyev, rejissoru isə Zəka Quliyevdir.
Layihə çərçivəsində çəkiliş qrupu Xocavənd rayonunun Tuğ kəndinə səfər edərək, burada mövcud olan qədim tarixi alban məbədlərini çəkib, onlar üzərində ermənilər tərəfindən həyata keçirilən saxtakarlıq əməllərini lentə alıb. Filmdə bu saxtalaşdırma ilə bağlı həm tarixçi, həm də din xadiminin fikirləri, o cümlədən, Tuğ kəndində qədim zamanlardan yaşayan Azərbaycan-alban ailələri haqqında məlumatlar yer alıb.
Məlumatda bildirilib ki, Vətən müharibəsində qazandığı şanlı zəfərdən sonra Azərbaycan üçün prioritet məsələlələrdən biri də vaxtı ilə işğal altında olmuş ərazilərimizdə ermənilərin törətdiyi dağıntılar, vandalizm aktları barədə faktların dünya ictimaiyyətinə çatdırılmasıdır:
"Bu, Ermənistanın işğal nəticəsində Azərbaycana vurduğu zərərdən və digər müharibə cinayətlərindən beynəlxalq aləmin xəbərdar olması baxımından mühüm əhəmiyyət kəsb edir. Ermənilərin işğal müddətində törətdikləri dağıntılar, məhv edilmiş mədəni, tarixi və dini abidələr, eləcə də digər müharibə cinayətləri ilə bağlı faktların sənədləşdirilməsi istiqamətində hazırda ölkəmizdə geniş işlər həyata keçirilir. Bu, Ermənistanın postmünaqişə dövründə ölkəmizə qarşı irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu beynəlxalq ictimaiyyətə faktoloji əsasda göstərmək baxımından da vacibdir. Bütün bunlar həm də Ermənistanın törətdiyi müharibə cinayətlərinin milli və beynəlxalq səviyyədə hüquqi cəhətdən dəqiq qiymət almasına və bu ölkənin əməllərinə görə məsuliyyət daşımasına xidmət edir".
Filmin ideya müəllifi Vüqar Xəlilov qeyd edib ki, Prezident İlham Əliyev postmüharibə dövründə informasiya savaşının önündə dayanaraq Ermənistanın müharibə cinayətlərini və onun doğurduğu acı nəticələri dolğun faktlar əsasında dünya ictimaiyyətinə çatdırır: “Hazırda vətəndaş olaraq hər birimizin vəzifəsi bu prosesdə yaxından iştirak etmək, ölkəmizin maraq və mənafelərini layiqincə müdafiə etməkdir. Təcavüzkarın ifşasına xidmət edən belə sənədli filmlərin hazırlanması və xarici dillərə tərcümə olunaraq beynəlxalq media platformalarında təqdimatı son dərəcə əhəmiyyətlidir. Düşünürəm ki, bu cür filmlərin hazırlanması davamlı olacaq”.
Filmin redaktoru Ayaz Mirzəyev isə bildirib ki, filmdə yer almış faktlar rəsmi İrəvanın ərazilərimizdə tarixi-mədəni irslə bağlı irəli sürdüyü iddiaların yalan və əsassız olduğunu bir daha sübuta yetirir: “Film Azərbaycanın qədim alban abidələrini erməni kilsələri kimi dünyaya təqdim edilməsi cəhdlərinin ifşası, bu abidələrin tarixi-mədəni sərvətimizin bir hissəsi olmasını göstərən faktlarla da zəngindir”.