Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Report” xəbər verir ki, telefon danışığında tərəflər Türkiyə-Rusiya münasibətləri, Dağlıq Qarabağ və Suriya daxil olmaqla bölgədəki vəziyyəti müzakirə ediblər.
Türkiyənin dövlət başçısı Dağlıq Qarabağ məsələsi ilə bağlı uzunmüddətli sülh yolunda düzgün addım atıldığını ifadə edib, hazırkı məqamda ən önəmli məsələnin Ermənistanın atəşkəsə və ortaq bəyanatdakı öhdəliklərə əməl etməsi olduğunu vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə Ermənistan işğalından azad edilən və Azərbaycanın müəyyən etdiyi ərazidə fəaliyyət göstərəcək birgə atəşkəsə nəzarət mərkəzində Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək.
O, mühüm bir məsuliyyətin Rusiya tərəfinin üzərinə düşdüyünü də bildirib.
Ərdoğan, Ermənistanın işğalı nəticəsində Qarabağı məcburi tərk etməli olan azərbaycanlıların öz torpaqlarına qayıtmasının və Azərbaycanla Naxçıvan arasında dəhlizin açılmasının vacibliyini vurğulayıb.