Qarabağ və ətraf rayonlar üç ildir ki, işğaldan azad edilib. Cari il sentyabr ayının 19-da keçirilən və cəmi 24 saat davam edən antiterror tədbirləri nəticəsində isə Azərbaycan əraziləri Ermənistan ordusunun qeyri-qanuni hərbi birləşmələrindən və separatçılardan təmizləndi. Beləliklə, Azərbaycanın suverenliyi tam bərpa edildi. Bu gün ermənilərin 30 il ərzində daşı daş üstündə qoymadığı, xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma və bərpa işləri aparılır. Ancaq həmin quruculuq işlərinin, eləcə də torpaqlarından didərgin salınmış yüzminlərlə azərbaycanlı məcburi köçkünün yurdlarına qayıdışının qarşısında Ermənistan hərbi birləşmələri tərəfindən süni şəkildə yaradılmış böyük bir maneə dayanmaqdadır. Belə ki, işğal dövründə Azərbaycan əraziləri 1.5 milyona yaxın mina və partlayıcı sursatlarla çirkləndirilib. Müharibədən sonra Ermənistanın basdırılan mina xəritələrini Azərbaycana verməsi istiqamətində müxtəlif formatlarda danışıqlar aparılsa da, bu işin icrasından hələ də boyun qaçırılır, Ermənistan rəsmiləri sözdə sülh istədiklərini desələr də, əməldə Azərbaycana saxta xəritələr verərək günahsız azərbaycanlıların mina qurbanı olmasını izləməklə məşğuldurlar.
Onu da bildirək ki, məqsədli şəkildə döşənmiş bu minalar insanların həyatına və sağlamlığına təhlükə yaratmaqla yanaşı, ekosistemə də ciddi zərər vurur, həm ətraf-mühitə, həm də insanların rifahı və sosial inkişafına ciddi təsir göstərir.
Son statistikaya əsasən, hazırda 110 min hektardan çox ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Həmin ərazidən ümumilikdə 109 min ədəddən artıq mina və partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Bu nəticə 3 il ərzində əldə olunub.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov mətbuata açıqlamasında bildirib ki, antiterror tədbirlərindən sonra minatəmizləmə işləri bəzi kritik ərazilərdə aparılır və aşkarlanan minaların çoxu ermənilərin öz istehsalıdır. Bütün bu minalar isə İkinci Qarabağ müharibəsindən sonra 65 günahsız Azərbaycan vətəndaşının həyatına son qoyub.
“Report” mina ilə əlaqədar təhlükəli ərazilərin əlamətləri, hansı ərazilərin yüksək səviyyədə çirkləndirildiyi, mürəkkəb ərazilərin təmizlənmə metodologiyası, ekoloji faktorların minalara təsiri, plastik gövdəli minaların yaratdığı risklər, minatəmizləmə əməliyyatlarının dayandırılmasına səbəb olan amillər və digər məsələlərə aydınlıq gətirmək üçün ANAMA-nın 5 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Xaliq Zülfüqarovla həmsöhbət olub.
Müsahibəni təqdim edirik:
- İlk olaraq bilmək istərdik ki, hansı ərazilər yüksək səviyyədə çirklənmiş hesab olunur? Yəni digər ərazilərlə müqayisədə orada daha çox mina aşkarlanıb.
- Bir qayda olaraq, çirklənmə səviyyəsinin müəyyən edilməsinə doğru atılan ilk addım sahənin qeyri-texniki tədqiqatıdır. Qeyri-texniki tədqiqat zamanı sahəyə müdaxilə edilmədən, həmin sahə haqqında sorğular, peyk və dron görüntüləri, oranın tarixi, kənardan ərazinin xüsusiyyətlərinin və eləcə də minalanmış olmasına dəlalət edən halların müəyyən edilməsi, ərazinin-sifarişlə uzlaşması və sair məlumatlar toplanır, onlar təhlil edilir və sahə haqqında ilkin fikir formalaşır.
Növbəti mərhələ texniki tədqiqatdır. Təmizləmə qrupu əraziyə daxil olmazdan əvvəl texniki tədqiqat qrupu əraziyə gəlir, öncəki tədqiqatın materiallarını da nəzərə alaraq sahəni qiymətləndirir. Qiymətləndirmə məqsədi ilə texniki tədqiqat heyəti sahənin müxtəlif hissələrində təmizləmə üsulları ilə kəşfiyyat xətləri yaradır və dəlillər axtarmağa başlayır. Bu zaman ərazidəki minaların növləri, sıxlığı, partlamamış hərbi sursatların hansı səviyyədə olması, yerin relyefi, bitki örtüyü, orada əməliyyatlara maneə törədə biləcək vasitələr, yəni istehkam xətləri, tikanlı məftillər-bir sözlə, hər şey qiymətləndirilir. Nəticədə texniki tədqiqat qrupu burada hansı mina növləri var, mina sıxlığı nə dərəcədədir, hansı üsullardan istifadə edərək ərazini təmizləmək olar mövzüsünda rəy və tövsiyələr verir. Bundan sonra ərazinin minalarla hansı səviyyədə çirklənmiş olduğu müəyyən edilir.
Qeyd edim ki, minalarla çirklənmiş olan ərazilər, əsasən, keçmiş təmas xətti adlandırdığımız ərazilərdir, çünki o yerlər düşmənin ön xətt səngərləri olub. Həmin səngərlərin önü və arxa hissəsi minalarla ən çox çirklənmiş ərazilər hesab olunur. Lakin baş verən mina hadisələrinin statistikasına nəzər salsaq, təkcə keçmiş təmas xətti boyu deyil, eyni zamanda ətraf ərazilərin də yüksək səviyyədə minalarla çirkləndiyinin şahidi oluruq. İkinci Qarabağ müharibəsindən sonra 337 mina qurbanından 245 nəfəri keçmiş təmas xəttindən kənar baş verən mina hadisələri nəticəsində həlak olub və ya xəsarət alıb.
- Bildiyimiz qədər son zamanlar əməliyyatlar həm relyefinə, həm də çirklənmə səviyyəsinə görə daha mürəkkəb ərazilərdə icra edilir. Belə ərazilərdə təmizləmə metodologiyaları necə müəyyən olunur?
- Bəli, həmin ərazilər işğal dövründə tamamilə istifadəsiz qalıb. Arxa sahələri ermənilər otlaq, əkin yeri və digər işlər üçün istifadə ediblər. Amma sırf neytral ərazilər istifadəsiz qalıb və düşmən öz mövqelərini qorumaq üçün orada istehkamlar və mühəndis maneələri qurmaqla yanaşı, ərazini geniş miqyasda minalayıb. Bundan başqa, o ərazilərdə səngərlər və tikanlı məftil xətlərindən də istifadə ediblər. Ona görə də sözügedən yerlər daha çox çirklənib və mürəkkəb ərazi hesab olunur. Həmin ərazilərin təmizlənməsi texniki tədqiqat qrupu öz hesabatını təqdim etdikdən sonra həyata keçirilir, bu təmizləməni etmək üçün hesabata əsaslanan xüsusi planlama aparılır.
- Mina və partlamamış hərbi sursatların əksəriyyəti 30 ilə yaxındır ki, torpaq altındadır və hər cür hava şəraitinə məruz qalıb. İllər keçdikcə onların təsiri azalırmı? Ekoloji faktorlar minalara necə təsir edir?
- Minanın tərkibində partlayıcı maddə var. Amma partlayıcı maddə açıqda yox, gövdədə olur. Gövdə isə bərk materialdan, taxtadan, dəmirdən, hətta plastikdən ola bilər. Gövdə elə hazırlanır ki, o yağışın altında qalsa belə, yağış suları onun tərkibinə daxil olmur, günəş şüası torpağın içərisinə daxil ola bilmir. Ona görə də minalar effektivliyini itirmir. İllər keçdikcə mina və sursatlar kənar faktorlar nəticəsində həssaslaşır, paslanır, germetikliyi azalır və nəticədə minanın partlayıcı tərkibi təbiətə, torpağa və suya qarışmağa başlayır. Belə minalar çürüməyə başlasa da, effektivliyi azalmır. Əksinə, minaların daxili mexanizmi daha da həssas və qeyri-stabil hala gəlir.
- Deyəsən, xüsusilə plastik gövdəli minalara daha çox rast gəlinir. Bəs bunun nə kimi riskləri var?
- Bəli, hazırda ən çox rast gəlinən mina plastik gövdəli Ermənistan istehsalı olan piyada əleyhinə "PMN-Э" minalarıdır, onlar korroziyaya məruz qalmırlar. Hətta deyərdim ki, vaxt keçdikcə bu minalar daha həssas vəziyyətə düşürlər. Digər bir məsələ odur ki, minaaxtarma cihazları minanı içərisindəki partlayıcı maddəyə görə yox, minaların tərkibindəki metal elementlərə görə tapır. Minanın gövdəsi dəmir yox, plastikdən olanda detektorlar vasitəsilə tapılması çətinləşir. Çünki gövdəsi plastikdən olan minalar minimum metal tərkibli minalar sayılırlar. Nəticədə həmin mina daha dərinə düşəndə detektor daha zəif reaksiya verir. Tapılırlar, ancaq proses çətin olur. Ona görə də hər dəfə minaaxtaranlara xüsusi təlimat verilir ki, detektorun hətta çox zəif siqnalına belə çox ciddi reaksiya versinlər. Detektorun verdiyi hər bir siqnal minaaxtaran tərəfindən tədqiq olunur və mina olub-olmaması müəyyən edilir.
- İşğaldan azad edilmiş ərazilərdə improvizə edilmiş partlayıcı qurğulara da rast gəlinir, onlar barədə məlumat verərdiniz. Əsasən, hansı ərazilərdə aşkarlanır və bu cür tələ minaları necə işə düşür?
- Bəli, 44 günlük müharibədən sonra da biz kustar üsulla hazırlanmış mərmilərə və minalara rast gəlmişdik. Onlar daha sadə idi, 100 metrlik su borularını kəsərək onun içərisinə bir metr uzunluqda partlayıcı maddələr yerləşdirilmişdi. Ancaq antiterror tədbirlərindən sonra biz yeni ərazilərə daxil olarkən ermənilərin o cür vasitələrdən daha geniş istifadə etdiyini gördük. Belə hallarla Xocalının kəndlərində daha çox rastlaşmışıq. Eyni zamanda, qeyd edim ki, Laçın, Füzuli, Ağdam, Xocavənd və Xankəndi rayonlarında tərk edilmiş evlərin və həyətyanı ərazilərin girişində, təsərrüfat tikilisində, yaşayış binaları, mərkəzi rayon xəstəxanası, eləcə də fərdi yaşayış məhəllələri yaxınlığında yerləşən körpülərdə, binaların zirzəmisində improvizə edilmiş partlayıcı qurğular aşkarlanıb. Biz həyətyanı sahəni, yolları, evlərin zirzəmisini, damı və sair tamamilə yoxlayırıq. Bu çərçivədə Dağdağan kəndində baxış keçirərkən evlərin zirzəmilərində hətta həmin qurğuların hazırlandığı yeri də aşkarladıq. Digər kustar üsulla hazırlanmış bombacıqlar tapmışıq ki, onlar dronlar vasitəsi ilə ərazilərimizə atılırdı. Xocalıda, demək olar, bütün evlərdə hərbçilər yaşayıb, çünki hamısında hərbi geyimlərə rast gəlinir, orada əl qumbaraları, silahlar, patronlar və digər partlayıcı maddələr var.
- Bəs minatəmizləmədə hansı texnikalardan istifadə olunur və onların bilmədiyimiz üstünlükləri nədən ibarətdir?
- Minatəmizləmə üç yolla həyata keçirilir: əl ilə, minaaxtaran itlərin köməyi ilə və mexaniki minatəmizləmə vasitələri ilə. Əgər ərazidə mina xətti aşkar olunubsa, ora əl ilə təmizlənir. Amma tədqiqat zamanı ərazinin minalanma ehtimalının az olduğu müəyyənləşirsə, ərazi minaaxtaran itlər və ya texnikaların köməyi ilə daha sürətli təmizlənir. Bizim istifadə etdiyimiz minaaxtaran cihazlar dünyanın ən müasir, ən keyfiyyətli cihazlarıdır. Bundan başqa, mexaniki minatəmizləmə vasitələri var ki, onlar da prosesə cəlb olunub.
- Minaaxtaranlar üçün hansı təlimlər keçirilir? Onların hazırlıq prosesi hansı mərhələlərdən keçir?
- ANAMA-ya işə qəbul olunmaq istəyən şəxslər ilk olaraq lazım olan sənədləri götürərək ANAMA-nın mərkəzi aparatına müraciət edirlər. Orada həmin sənədlərə baxılır. Şəxsin hərbi xidmət keçməsi və məhkumluğunun olmaması vacibdir. Sonra psixoloq tərəfindən onların psixoloji vəziyyəti yoxlanılır. Əgər qaneedici olsa, onlar müsahibəyə çağırılırlar, orada onların bilik səviyyəsi, Azərbaycan dilində sərbəst oxuyub-yazma və hesablama qabiliyyətləri, fiziki normativləri yoxlanılır. Əgər hər şey uyğun olsa, təlimlərə cəlb olunurlar. Təlim beş həftə ərzində Göygöl Təlim Mərkəzində keçirilir, orada nəzəri və praktiki biliklər öyrədilir. Təlim zamanı humanitar minatəmizləmə və döyüş ərazilərinin təmizlənməsi, o cümlədən ilk tibbi yardım barədə məlumatlar ötürülür. Orada minaların, partlamamış hərbi sursatların tapılması, onlarla davranış qaydaları, minaların axtarışı, ərazinin işarələnməsi istiqamətində dərslər keçirilir və hər mövzudan sonra iştirakçılardan imtahan götürülür. Yekunda ANAMA-nın təşkil etdiyi komissiya tərəfindən test keçirilir. Yekun testdə isə qənaətbəxş sayılan müdavimlər işə qəbul olunur. Müraciətlər çoxdur, demək olar ki, ildə bir neçə dəfə minaaxtarma təlimləri keçirilir.
- Minatəmizləmə əməliyyatları hansı hallarda dayandırılır?
- Adətən, yağışlı hava şəraitində əraziyə daxil ola bilmirik. Çünki yer palçıq olur, minaaxtaranların sürüşməsi və təhlükəli əraziyə yıxılma ehtimalı yaranır. Ona görə də həmin vaxt minatəmizləmə işləri dayandırılır. Amma döyüş əraziləri var ki, nisbətən az yağışlı, palçığın az olduğu vaxt həmin ərazilərdə əməliyyat davam edir, orada artıq biz ya maqnitik lokatorla əməliyyat aparırıq, ya da yerin üzərindəki partlamamış hərbi sursatlar, mərmilər, mərmi qalıqları axtarılır. Bir də əgər güclü külək olarsa, hərəkətə maneə yaranarsa, cihazın hərəkətinin səsinin eşidilməsi mümkünsüz olarsa, əməliyyat dayandırılır.
- İcazəsiz səfərlərdən qaynaqlanan risklər, bu cür səfərlərin insan həyatına yaratdığı təhlükə və əməliyyatların gedişatına təsiri barədə də məlumat almaq istəyərdik. Bilməli olduğumuz vacib məqamlar hansılardır?
- Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdən olan vətəndaşlar oranı görməyə can atırdılar. Bu, anlaşılandır. Amma onlar daha çox icazəsiz şəkildə minalardan təmizlənməyən ərazilərdən keçərək getmək istəyirlər. Bu isə, sözsüz ki, bədbəxt hadisələrlə nəticələnir. Biz məcburi köçkünlərin hisslərini yaxşı başa düşürük. Onlar yurdlarını görmək, yaxınlarının qəbirlərini ziyarət etmək istəyirlər. Ərazilər təmizlənəndən sonra tam təhlükəsiz şəkildə oraya getmək mümkündür. Təmizlənməmiş ərazidən keçib getmək xoşagəlməz hadisələrlə nəticələnə bilir.
- Ümumiyyətlə, təhlükəli ərazinin əlamətləri nələrdir? Yalnız xəbərdaredici işarələrə diqqət yetirmək kifayətdirmi? Ərazilərdə heç bir işarə yoxdursa, həmin ərazinin təhlükəli olduğunu necə müəyyənləşdirmək olar?
- Əraziyə daxil olan şəxslərin həmin ərazinin təhlükəli olduğunu bilməsi üçün bir sıra şərtlər var. Əgər ərazidə döyüşlərin getdiyini göstərən bir detal varsa, məsələn, səngərlər qazılıbsa, tikanlı məftillər yerləşdirilibsə, partlamış minaların fraqmentləri, mərmi və patron yeşikləri və bu kimi əşyalar varsa, deməli, siz döyüş getmiş yerdə, yəni təhlükəli ərazidəsiniz. Vətəndaşlar bilməlidirlər ki, hansısa bir əşya gördükdə ona toxunmaq olmaz. Çünki ermənilər tələlərdən çox istifadə ediblər. Bu məqsədlə ərazilərə cəlbedici əşyalar yerləşdiriblər. Nəzərə almaq lazımdır ki, minalar torpağa basdırıldığı və məharətlə gizlədildiyi üçün onları görmək çox çətindir.
Foto: Firudin Səlimov