Ekspert: "Ermənistanın əvvəlki səhvləri təkrarlamayacağına inam azdır"

Ekspert: "Ermənistanın əvvəlki səhvləri təkrarlamayacağına inam azdır" Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-da yayımlanan “Eurasia Review” nəşrində “Ermənistanda hakimiyyət çəkişmələri xarici siyasət haqqında nə deyir?” başlıqlı məqaləsi yayımlanıb.
Qarabağ
9 Dekabr , 2020 13:00
Ekspert: Ermənistanın əvvəlki səhvləri təkrarlamayacağına inam azdır

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun ABŞ-da yayımlanan “Eurasia Review” nəşrində “Ermənistanda hakimiyyət çəkişmələri xarici siyasət haqqında nə deyir?” başlıqlı məqaləsi yayımlanıb.

“Report”un xəbərinə görə, məqalədə Vətən müharibəsində ağır məğlubiyyətə düçar olmuş Ermənistanda dərin siyasi böhranın başladığı və bu böhran fonunda ölkənin son 30 il ərzindəki xarici siyasətinə aid bəzi nüansların ortaya çıxdığı qeyd olunur.

V.Hüseynov bildirir ki, Ermənistanın ikinci prezidenti Robert Köçəryan tərəfindən açıqlanmış bəzi məqamlar xüsusilə diqqət cəlb edir. Belə ki, Köçəryan bəyan edib ki, 2020-ci ilin iyul ayında Tovuzda törədilmiş qarşıdurma məhz Ermənistanın təxribatı nəticəsində baş verib. “Qeyd etmək lazımdır ki, Köçəryana qədər Ermənistan hakim dairələri bu faktı ardıcıl şəkildə inkar edib və Tovuz hadisələrində Azərbaycanı günahlandırırdılar. Köçəryan müharibə ilə bağlı da bəzi məqamlara aydınlıq gətirərək bildirir ki, Nikol Paşinyanın xarici siyasətdə etdiyi səhvlər və təxribatlar müharibənin baş verməsində xüsusi rol oynadı və onu qaçınılmaz etdi”,- deyə müəllif yazır.

V.Hüseynov bildirir ki, N.Paşinyanın R.Köçəryana cavablarında isə 2018-ci ildəki hakimiyyət dəyişikliyindən öncəki erməni liderlərinin səhvlərinə diqqət çəkilir: “O, xalqa müraciətində etiraf edib ki, beynəlxalq ictimaiyyət həmişə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb. N.Paşinyan bu nəticənin hasil olmasında əvvəlki Ermənistan liderlərini günahlandırır”.

Sonda Vasif Hüseynov bildirib ki, Ermənistanda hazırda aparılan siyasi debatlar bunu göstərir ki, məğlubiyyət şokuna baxmayaraq, ermənilərin əvvəlki səhvləri təkrarlamayacağına inam azdır. Məsələn, müxalifət tərəfindən baş nazirliyə namizəd kimi təqdim olunmuş Vazgen Manukyan hakimiyyətə gələcəyi təqdirdə istənilən anti-Türkiyə ittifaqında yer alacağını bəyan edir. “Ermənistanda bu siyasi təfəkkürün qaldığı müddətdə bölgədə sülhün və təhlükəsizliyin bərqərar olması çətindir”,- V.Hüseynov əlavə edir.

Son xəbərlər

Orphus sistemi