Düşmənə göz dağı verən, ayrılıq və bütövlük rəmzi - Xudafərin körpüsü

Düşmənə göz dağı verən, ayrılıq və bütövlük rəmzi - Xudafərin körpüsü "Report" İnformasiya Agentliyinin çəkiliş qrupu müzəffər Ordumuz tərəfindən işğaldan azad edilən Xudafərin körpüsü və ətraf ərazilərinə səfər edib.
Qarabağ
18 Oktyabr , 2021 11:31
Düşmənə göz dağı verən, ayrılıq və bütövlük rəmzi - Xudafərin körpüsü

Bir il öncə bu gün - oktyabrın 18-də Azərbaycanın şanlı ordusu tərəfindən Xudafərin körpüsü düşmən işğalından azad olundu, əraziyə Dövlət Bayrağımız sancıldı, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olundu. Bu qələbə xəbərini isə Ali Baş Komandana Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, polkovnik Babək Ələkbərov raport verib.

"Report"un Cəbrayıla ezam olunan əməkdaşlarına danışan polkovnik Babək Ələkbərov Xudafərin körpüsünün və Zəngilan şəhərinin işğaldan azad olunmasını Ali Baş Komandana məruzə etməsindən qürur duyduğunu bildirib:

"Özümü çox xoşbəxt hesab edirəm ki, qədim Xudafərin körpüsünün və Zəngilan şəhərinin işğaldan azad olunmasını cənab Ali Baş Komandana məruzə etmək şərəfi mənə nəsib olub. Sözün düzü bilməzdim ki, mənim etdiyim məruzələr bütün televiziyalarda yayımlanacaq. Ağlımızda bir fikir var idi - şanlı üç rəngli bayrağımızı işğaldan azad olunan bütün ərazilərimizdə dalğalandıraq".

Tarixən Azərbaycanın şimalı ilə cənubunu birləşdirən, Cəbrayıl rayonu ərazisində yerləşən Xudafərin körpüsü ölkəmizin qədim abidələrindən biridir. Körpü haqqında ilk məlumat VIII-IX əsrlərə aiddir.

Körpü Cənubi Azərbaycanla Şimali Azərbaycanın orta əsr şəhərlərini birləşdirən karvan yolunun üstündə tikilib. O, həm də mühüm hərbi-strateji əhəmiyyət daşıyırdı. Qəbul edilən tarixə görə, Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən inşa olunub. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib. Araz çayı üzərində salınan iki Xudafərin körpüsündən birincisi "Baş Xudafərin körpüsü" adlanır. Onun uzunluğu 130, eni 6, hündürlüyü isə 12 metrdir. İkincisi isə 15 aşırımlı olmaqla uzunluğu 200, eni 4,5 metr, hündürlüyü 10 metrdir.

Xudafərin körpüsü böyük strateji əhəmiyyətə malik olmaqla yanaşı, 2-ci Qarabağ üzrə gedən döyüşlərdə olduqca vacib məntəqələrdən biri idi. Belə ki, körpü yaxınlığında yerləşən Xudafərin kəndi Cəbrayılın son kəndlərindəndi, sonra, Zəngilan rayonu, ardınca da Qubadlı rayonu gəlir. Bu baxımdan, Xudafərin körpüsünün azad olunması tapşırığının uğurlu icrası xüsusi əhəmiyyət kəsb edirdi. Əməliyyat planına uyğun olaraq Arazboyu istiqamətdə düşmənin mövqelərinə 12 km-dək sızma həyata keçirildi, pusqu quruldu, düşmən qüvvələri heyətimizin döyüş əzmi, peşəkar hazırlığı qarşısında tab gətirməyərək ciddi canlı qüvvə tələfatı verdi və geri çəkildi, biz həmin ərazidə yerləşən strateji yüksəkliyin ələ keçirilməsinə nail olduq.

Xudafərinin düşmən işğalından azad edilməsi hərbi baxımdan strateji uğur, tarixi ədalətin bərpası, xalqımızın öz mədəniyyət incilərina sahib çıxması olmaqla yanaşı, bölgənin sosial-iqtisadi inkişafına mühüm təkan verəcək hadisədir. Dövlətimizin başçısının bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırması Azərbaycan xalqı üçün qürur və fəxarətdir. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur məsələsi idi.

Son xəbərlər

Orphus sistemi