Deputat: "Azərbaycan münaqişənin siyasi həlli müstəvisində də öz məqsədinə nail olub"

Deputat: "Azərbaycan münaqişənin siyasi həlli müstəvisində də öz məqsədinə nail olub" “Otuz ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar gediridi".
Qarabağ
14 Noyabr , 2020 14:44
Deputat: Azərbaycan münaqişənin siyasi həlli müstəvisində də öz məqsədinə nail olub
Soltan Məmmədov

“Otuz ilə yaxındır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar gediridi. Bu dövrdə həmsədrlər tərəfindən təqdim edilən təkliflərin bizim üçün ən sərfəli hesab edilən variantı belə 10 noyabr bəyanatında ölkəmizin əldə etdiyi üstünlüklə müqayisə edilə bilməz”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

O qeyd edib ki, bəyanatın Ermənistanda doğurduğu ictimai reaksiya, kütləvi etirazlar Azərbaycanın əldə etdiyi nəticələrdən narahatlığın ifadəsidir: "Azərbaycan dövlət, ordu və xalqın birliyi nəticəsində hərb meydanında tarixi zəfərə imza ataraq vəziyyəti tamamilə öz xeyrinə dəyişməyə, ərazi bütövlüyünü təmin etməyə müvəffəq olub. Kəlbəcər, Ağdam, Laçın rayonlarının hərbi əməliyyatlarsız azad olunması özü ayrılıqda kifayət qədər böyük nailiyyətdir. Kəlbəcər rayonun coğrafi mövqeyi burda uzunmüddətli, böyük itkilər hesabına başa gələ biləcək hərbi əməliyyatların aparılmasını zəruri edirdi. İndiki halda biz, mühüm strateji əhəmiyyətə malik əraziləri itkisiz azad etməyə nail olduq”.

Deputat deyib ki, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Şuşa şəhərinin və Hadrut qəsəbəsinin azad edilməsi Azərbaycan ordusuna əsas strateji yüksəkliklərə, kommunikasiya xətlərinə nəzarət imkanı verir: "Bununla yanaşı artıq Dağlıq Qarabağın statusu məsələsi də gündəlikdən çıxarılır. Fikrimcə, ən əsas məqamlardan biri, demoqrafik reallıqlarla bağlıdır. Kommunikasiyaların açılması, məcburi köçkünlərin öz evlərinə qayıtması indiyə qədər mövcud olan demoqrafik reallığı ciddi şəkildə dəyişir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Azərbaycanın mövcud iqtisadi potensialı bölgədə böyük iqtisadi və infrastruktur layihələrinin qurulmasına imkan verir. Düşünürəm ki, bütün bunlar Ermənistanın Azərbaycan ərazilərində yaşayan erməni icmasına mümkün təsir imkanlarını da aradan qaldıracaq. Çünki bu gün, iqtisadi, geosiyasi, demoqrafik, hərbi və digər şərtlər kontekstində baxanda Azərbaycanın mövcud imkanları və perspektivləri Ermənistanla müqayisə olunmayacaq səviyyədə yüksəkdir.”

S.Məmmədov bildirib ki, Azərbaycan döyüş meydanında qazandığı qələbə nəticəsində münaqişənin siyasi həlli müstəvisində də öz məqsədinə nail olub: "Ərazi bütövlüyünün təmin olunması Azərbaycanın tarixində yeni bir səhifə açıb".

Son xəbərlər

Orphus sistemi