Böyük Qayıdışın növbəti mərhələsi çərçivəsində avqustun 12-də Bakı şəhərindən Zəngilan rayonunun Ağalı kəndinə köçürülən 106 nəfərdən ibarət 22 ailə Ağalı kəndində qarşılanıb.
"Report" xəbər verir ki, sakinləri Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin əməkdaşları “Ağıllı kənd”də qarşılayıblar.
Sonra Ağalı sakinlərinin ailə başçılarına evlərinin açarları təqdim edilib.
Beləliklə, Böyük Qayıdış layihəsi çərçivəsində bu günədək Zəngilan rayonunun Ağalı kəndinə ümumilikdə 526 nəfərdən ibarət 108 ailə köçürülüb. Köçürülən keçmiş məcburi köçkünlərin böyük qismi əsasən daha ağır şəraitdə yaşayan vətəndaşlardır.
Köçürülən ailələr müvafiq qurumlar tərəfindən peşə ixtisaslarına və bacarıqlarına uyğun şəkildə işlə təmin ediləcəklər. Onlar müxtəlif dövlət qurumlarında, ictimai iaşə obyektlərində, tikinti şirkətlərində, tikiş fabrikində və digər yerlərdə çalışacaqlar.
Köçürülmüş əhali üçün bütün infrastruktur şərait - dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və sair imkanlar mövcuddur.
Avqustun 12-də Abşeron rayonunun Masazır kəndindən Zəngilan rayonunun yenidən salınmış Ağalı kəndinə növbəti köç karvanı yola salınıb: indiyədək Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 22 ailə - 106 nəfər bundan sonra doğma yurdda yaşamağa başlayacaq.
"Report" xəbər verir ki, onlar ermənilərin işğal dövründə tamamilə dağıdılan 1-ci, 2-ci və 3-cü Ağalı kəndlərinin sakinləridir.
Ağalı sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər.
Evlərin bölgüsü məcburi köçkünlərə yeni yaşayış sahələrinin verilməsinin hazırda qüvvədə olan qaydaları əsasında, şəffaflıq və ədalətlilik prinsipləri əsasında püşkatma ilə aparılıb. Püşkatma avqustun 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentində keçirilib.
Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Zəngilan Rayon İcra Hakimiyyətinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.
Bununla da indiyədək Ağalı kəndində daimi məskunlaşdırılan ailələrin sayı 108-ə (526 nəfərə) çatacaq. Kəndə köçürülmə davam etdiriləcək.