Cəlilabad rayonunda Vətən müharibəsi şəhidləri anılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Novruzəli kəndində şəhid əsgər Məmmədov Rəvan İntiqam oğlunun və Çünzəli kəndində şəhid gizir Xankişiyev Mədət Vəkil oğlunun anım mərasimləri keçirilib.
Mərasimdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canında keçmiş şəhidlərin xatirəsi yad edilib, onların məzarları ziyarət edilib və onların ruhuna dualar oxunub.
Qeyd edək ki, Rəvan Məmmədov 17 fevral 1998-ci ildə rayonun Novruzəli kəndində anadan olub. Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb və "Vətən uğrunda" medalı ilə təltif olunub.
Mədət Xankişiyev isə 15 yanvar 1998-ci ildə Çünzəli kəndində anadan olub. Qubadlı rayonu uğrunda gedən döyüşlərdə yaralı döyüş yoldaşlarını döyüş meydanından çıxararkən şəhid olub və "Azərbaycan bayrağı" və "Rəşadət" ordenləri, eləcə də "Vətən uğrunda", "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.