Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Bərdə, Cəbrayıl, Füzuli, Goranboy, Tərtər rayonları ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 58 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən 3 müraciət daxil olub.
ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 61 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Hacılar, Palıdlı, Qaraxanlı, Yuxarı Qiyaməddinli kəndləri, Ağdam rayonunun Çəmənli, İkinci Yüzbaşlı, Alıbəyli, Əfətli, Təzəkənd, Ayaq Qərvənd, Üçoğlan kəndləri, Bərdə rayonunun B.Hacıyev, Bakı, Koroğlu, Natavan, Ü.Hacıbəyov küçələri, H.Əliyev prospekti, Mirzalıbəyli kəndi, , Cəbrayıl rayonunun Soltanlı kəndi, Füzuli rayonunun Əhmədalılar, Alxanlı, Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu, Qızılhacılı kəndləri, Tərtər rayonunun Buruc, Düyərli, Köçərli, Ələsgərli kəndləri ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 50 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 122 mm-lik top mərmisi (OF-56), 1 ədəd 9N235 bombacığı, 2 ədəd 122 mm-lik raket (9M22U), 225 ədəd tank əleyhinə TM-62P2 minası, 224 ədəd MVP-62 partladıcısı və 44 ədəd partlamış mərmi qalıqları aşkar olunub.
Agentliyin partlayış qrupu tərəfindən 3 ədəd raket, 1 ədəd 9N235 bombacığı zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 36 045 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.