“BMT-nin Azərbaycandakı nümayəndəliyi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə 1999-cu ildən etibarən davam edən uzunmüddətli tərəfdaşlıqla fəxr edir”.
"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Ağdamda “Mina Təhlükəsi ilə Mübarizə - Dayanıqlı İnkişafa Gedən Yol” mövzusunda keçirilən beynəlxalq humanitar konfransda bildirib.
“Öz həyatlarını riskə ataraq partlayıcı hərbi sursatların təhlükəsini aradan qaldırmaq üçün yorulmadan çalışan ANAMA-nın cəsur minatəmizləmə mütəxəssislərinin işinə sadiqliyini böyük minnətdarlıq və heyranlıq hissi ilə qeyd etmək istəyirəm”, - o deyib.
V. Andreevanın sözlərinə görə, 2020-ci ildə müharibə başa çatdıqdan sonra BMT Azərbaycanda minatəmizləmə prosesi üçün 11 milyon dollardan çox vəsaitin toplanmasına nail olub.
"Minalarla çirklənmiş ölkələrdə, o cümlədən Azərbaycanda minaların təmizlənməsi dayanıqlı inkişafa və davamlı sülhə nail olmaq baxımından əsas tələbdir", - BMT-nin rezident əlaqələndiricisi bildirib.