Əli Həsənov: “Bəzi dövlətlər, beynəlxalq təşkilatlar Qarabağ problemini dondurmağa çalışır”

Əli Həsənov: “Bəzi dövlətlər, beynəlxalq təşkilatlar Qarabağ problemini dondurmağa çalışır” “Azərbaycanın bir sıra məsələlərdə öz modeli var”
Qarabağ
28 Dekabr , 2016 11:00
Əli Həsənov: “Bəzi dövlətlər, beynəlxalq təşkilatlar Qarabağ problemini dondurmağa çalışır”

Bakı. 28 dekabr. REPORT.AZ/ “Azərbaycan hüquqi dövlətdir. Ölkədə insan hüquqları tam qorunur. Azərbaycanın sərvəti onun insanıdır. Yürüdülən siyasətlə neft kapitalı insan kapitalına çevrildi. Bunu hər kəs görür”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov "Multikulturalizm və insan huquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, əvvəllər multikulturalizm sahəsində ABŞ, İsveç modelinə istinad olunurdusa, artıq Azərbaycan modelinə də istinad olunur: “Azərbaycanda multikulturalizm həyat tərzidir, dövlət siyasətidir. Azərbaycan xalqı dünya xalqları içərisində ən tolerant xalqdır. Ölkədə bütün dini icmaların nümayəndələri sərbəstdirlər, özlərini ölkənin bərabər hüquqlu vətəndaşı hesab edir. Ölkədəki 28 təhsil ocağında multikultaralizm fənn kimi tədris olunur”.

Ə.Həsənov qeyd edib ki, ən çox insan hüquqları Azərbaycan ərazisində pozulub: “Amma bu bizim tərəfimizdən pozulmayıb. Dağlıq Qarabağ Ermənistan tərəfindən işğal olunub. İnsanların hüquqları pozulub. Artıq Azərbaycan xalqının bir hissəsi 24 ildir məcburi köçkündür. Bu problem dövlətin diqqət mərkəzindədir. Bəzi dövlətlər, beynəlxalq təşkilatlar bu problemi dondurmağa çalışır. Biz buna yola verə bilmərik. Bir neçə beynəlxalq qurumlar Ermənistanı işğalçı dövlət kimi tanısa da, torpaqlar işğaldan azad edilmir. Nə üçün? Biz axı bütün beynəlxalq prinsiplərə əməl edirik. Biz heç vaxt deməmişik ki, bizdə korrupsiya faktları yoxdur. Bütün dövlətlərdə var. Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparılır. Azərbaycanın bir sıra məsələlərdə öz modeli var”.

Baş nazirin müavini qeyd edib ki, qaçqın və məcburi köçkünlərə 6,2 milyard manat vəsait sərf edilib: “Təbii artım hesabına qaçqın və məcburi köçkünlərin sayı 1 milyon 200 minə çatıb. Bu insanlar hər şeylə təmin ediliblər. Amma nə qədər çalışasaq da, onların ürəyində vətən həsrəti var. Hələ də Azərbaycanın torpaqları işğal altındadır”.

Son xəbərlər

Orphus sistemi