"Bakıdan Ağdama gedən avtobus..." - 29 il sonra səslənən elan - REPORTAJ

"Bakıdan Ağdama gedən avtobus..." - 29 il sonra səslənən elan - REPORTAJ Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb.
Qarabağ
25 Yanvar , 2022 15:22
Bakıdan Ağdama gedən avtobus... - 29 il sonra səslənən elan - REPORTAJ

Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayıb. Bu xəbəri ilk oxuyanda bir anlıq qəhərləndiyimin fərqinə vardım. Zəngə cavab vermək üçün özümü toparladım. Dəstəyin arxasındakı səsin mənə Ağdam səfərinin müjdəsini verəcəyindən bixəbər idim. Xoş müjdəli xəbərin sahibi bildirirdi ki, yanvarın 24-də Ağdama müntəzəm avtobus marşrutlarının fəaliyyətə başlaması ilə əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə jurnalistlərin Ağdama səfəri təşkil ediləcək. Başa düşürəm, bunları sözlərlə ifadə etmək çətindir, sevinirdim, özü də çox.

Bir ildir gözlədiyim səfər axır ki, reallaşır. Elə o sevinc və həyəcanla çantama səfər üçün lazım olacaq əşyalarımı toplayıram. Yanvarın 24-ü saat 06:00-da əvvəlcədən müəyyənləşdirilən görüş yerində toplanmalı olduğumuz bildirilmişdi. Gecəni o sevinclə yatmağa çalışıb tezdən deyilən ünvana yollandım. Budur, Bakı Beynəlxalq Avtovağzalında səsgücləndiricilərdən "Bakı-Ağdam", "Bakı-Şuşa" çağırışları səslənir. 29 il sonra Qarabağ, Ağdam sakinləri öz torpaqlarına səfər edirlər. Onu da deyim ki, bu, səfər yoldaşlarım kimi mənim də işğaldan azad olunmuş torpaqlara ilk səfərimdir. Sonuncu Bakı-Ağdam çağırışı ilə media nümayəndələri və Ağdama gedən sərnişinlər avtobuslarda öz yerlərini tuturlar. Yol boyu böyükdən-kiçiyə hər kəs Ağdam xatirələrindən danışır.

Nəhayət, bir neçə saat sonra Ağdama, məşhur mahnıda da deyildiyi kimi, Ana Vətənə çatırıq. Ağdam postunda bizi polis əməkdaşları və hərbçilər qarşılayır. Polis əməkdaşının avtobusa daxil olaraq ürək dolusu dediyi "Əziz vətəndaşlar, Ağdama xoş gəlmisiniz" kəlməsi avtobusdakıları kövrəldir. Bizə ərazidə mina təhlükəsinin olduğu, diqqətli olmağımız, polis əməkdaşlarını müşayiət etməyimiz bildirilir. Heç kimə sirr deyil ki, düşmən 29 ildə boş dayanmayıb, torpaqlarımızı mina qəbiristanlığına çevirib.

Bəli, artıq Qarabağda - Ağdam torpağındayıq. 3 il bundan əvvəl tələbə yoldaşlarım və müəllimlərimlə Ağdamın işğal olunmamış ərazilərinə etdiyim səfəri xatırlayıram. Çox qəmgin notlara köklənən səfərdən ağlımda qalan əsgərin "Dayan, vətəndaş, ora düşmən tapdağında olan ərazilərimizdir, o tərəfə keçmək olmaz" sözləri qulağımda cingildəyir.

Anasından ayrı düşmüş körpə kimi hiss etmişdim. Bu gün isə o körpənin yenidən anasına qovuşduğu gündür. Artıq nə dayanmaq var, nə də o torpaqların işğal altında olduğunu deyən. 29 il həsrətdən sonra ata ocağımızdayıq və biz qayıtmışıq...

İlk ziyarət etdiyimiz ünvan Qarabağ xanlarının türbələri və yaşayış yerləridir. İllərdir doğma torpaq qoxusuna həsrət qalan yerli sakinlər avtobusdan düşər-düşməz, axan sevinc göz yaşlarının islatdığı, ovuclarının arasına toplamış olduqları torpağı qoxlayırlar. Kənardan bir xanımın dodağının altında dağıdılmış divarlara baxaraq Akif İslamzadənin "Ötən günlərimi qaytaraydılar, gələn günlərimi qurban verərdim" mahnısını zümzümə etdiyini eşidirəm. Xanıma yaxınlaşıram, məni görcək mahnının eyni sözlərini bu dəfə bir qədər də ucadan səsləndirməyə başlayır. Həmsöhbət olduğum Ağdam sakini Fəridə Nikipur yanğılı-yanğılı evlərindən necə çıxmaq məcburiyyətində qaldıqlarından, Ağdamın necə böyük, zəngin bir şəhər olduğundan danışır. Əlini kürəyimə çəkib mahnının sözlərini üçüncü dəfə təkrarlayaraq "Kaş, qızım, kaş o günlərimizə qayıdardıq" deyib dərin köks ötürür. Hər kəs yenidən avtobuslarda öz yerini alır.

Növbəti məkan kimi Ağdam Şəhidlər xiyabanına gedəcəyimiz diqqətə çatdırılır. Bir az getdikdən sonra Şəhidlər xiyabanının önündə dayanırıq. Bir məzarlığa, bir də ətrafında düşmən tərəfindən dağıdılmış, viran qalmış, xarabalığa çevrilmiş evlərə, həyət-bacalara baxıram. Özlüyümdə düşünürəm ki, yəqin, burada uyuyan şəhidlər işğal dövründə bizdən daha çox fəryad qoparıblar. Axı 27 il düşmənin tapdaladığı, daşını daş üstündə qoymadığı torpaqlarda dəfn olunanların ziyarətinə gələn olmayıb. Güman ki, daha rahatdırlar, uğrunda canlarını verdikləri torpaqlar əsl sahibindədir. Bu torpağa artıq düşmən ayağı dəymir.

Şəhidlərin ruhuna dualar oxuduqdan sonra növbəti dayanacağımız olan Ağdam Cümə məscidinə yollanırıq. Burada da abadlıq işləri davam edir. Yerli sakinlər bir-birinə müxtəlif yerləri göstərərək vaxtı ilə burada hansı tikililərin olduğunu izah edirlər, xarabalığa dönən Ağdamın halına baxıb təəssüflənərkən, elə o andaca şükür edib, inamlı və qürurlu şəkildə "Yenidən qurub yaradacaq, əvvəlkindən daha gözəl edəcəyik", - deyirlər.

Daha sonra növbəti dayanacağa - üzü Qiyaslı kəndinə tərəfə yollanırıq. Qiyaslı kənd məscidini hamılıqla ziyarət edirik. Küncdə-bucaqda qar örpəyinin görünməsinə baxmayaraq havanın xoş olması da insanların əhvalına xeyli təsir edir. Yerli sakinlərin "El-obamız bizim gəldiyimizi hiss edib, elə bil bahardır", - deyə öz aralarında danışdıqlarını eşidirəm.

Nəhayət, sonuncu dayanacağımız Şahbulaq qalasına doğru irəliləyirik. Digər ziyarət etdiyimiz ünvanlardan fərqli olaraq aralarındakı məsafə uzun olduğundan Şahbulaq qalasına daha gec çatırıq. Uzaqdan bizi əzəmətli, üçrəngli bayrağımız asılan Şahbulaq qalası qarşılayır. Ermənilərin dağıdıb, viran qoymadığı barmaqla sayılacaq tarixi abidələrdəndir bu qala. Bələdçimizin dediyinə görə, ermənilər sözügedən qalanı restoran məqsədilə istifadə etdiklərindən dağıtmayıblar.

Ziyarətçilər və media nümayəndələri ilə birgə üzü yuxarı Şahbulaq qalasına doğru gedirik. Artıq günün sonuna yaxınlaşdığımızı hiss etdikcə kədərlənirəm, günün bitməsini istəmirəm. Elə bu fikirlə işğaldan azad olunandan sonra Qarabağa gəlmək fürsəti olmayan dost-tanışım üçün fotolar çəkməyə davam edirəm. Bu anda İmarətdə söhbətləşdiyim Fəridə xanımla yenidən həmsöhbət oluram. Görünür, gün bitir deyə o da kədərlidir. Birdən əhvalımın fərqinə varan Fəridə xanım səsinin tonunu dəyişərək əmin və məğrur şəkildə "Bu, son deyil, hələ buralara çox gələcəyik, qızım, özü də daha abad Ağdama" - deyərək mənim də əhvalımı düzəltməyi bacarır.

Elə bu qürurlu halımla avtobusa minir, bu günlük Ağdamla sağollaşıram. Növbəti gəlişimdə səni əvvəlki tək Ağa şəhər görmək diləyi ilə, hələlik. Bu əziz gün də haqqında yazılacaq, danışılacaq tarixin bir səhifəsi olsun, görüşənədək, Ağdam.

Son xəbərlər

Orphus sistemi