"Vasitəçilərə gəldikdə, əfsuslar olsun ki, bu gün də hələ də Minsk qrupu haqqında Ermənistanda yüksəkvəzifəli şəxslər sözlər deyirlər. Hesab edirəm ki, bu, əbəsdir, bunun heç bir mənası yoxdur. Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. 1992-ci ildə bu məsələni həll etmək üçün mandat almış bu qrup faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Sadəcə olaraq, biz o vaxt bir qədər sadəlövh idik. Bu qrup məsələni həll etmək üçün yox, işğalı əbədiləşdirmək üçün yaradılmışdır. Minsk qrupunun həmsədr ölkələrində erməni lobbi qrupları çox təsirlidir. Məhz buna görə 28 il bu qrupun heç bir nəticəsi olmamışdır".
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı bildirib.
"2019-cu ildə isə qrupun fəaliyyəti demək olar ki, dayanmışdır. Bunun da səbəbi Ermənistanın yeni rəhbərliyinin çox qəribə davranışı olmuşdur. Çünki Ermənistanın yeni rəhbərliyi 2018-ci ildə hakimiyyətə gələndə həm Minsk qrupunda, həm, - onu da açıq deməliyəm, - bizdə də bəzi ümidlər var idi ki, indi kriminal xunta rejim artıq devrildi və hakimiyyətə gələn yeni nəsil siyasətçilər reallığı dərk edəcəklər, anlayacaqlar ki, Azərbaycanla mübarizə aparmaq, müharibə aparmaq onların iqtidarında deyil. Demək olar ki, bir il ərzində aparılan fəal danışıqlar bu fikri daha da gücləndirirdi. Ancaq 2019-cu ildə Ermənistan rəhbərliyi tam fərqli mövqe sərgiləməyə başlamışdır. Ermənistan rəhbərliyi tərəfindən səsləndirilən cəfəng fikirlər faktiki olaraq danışıqlar prosesinə son qoymuşdur. “Qarabağ Ermənistandır və nöqtə” deməklə danışıqlar prosesinə son qoyuldu və bu açıqlamadan sonra mənimlə görüşə gələn Minsk qrupu demək olar ki, çox qeyri-müəyyən vəziyyətdə idi. Çünki bu bəyanatdan sonra hər hansı bir danışıqların aparılması qeyri-mümkündür. Çünki danışıqların mahiyyəti ondan ibarət idi ki, işğal altında olan torpaqlar azad olunacaq.
Faktiki olaraq Minsk qrupu ondan sonra, hətta görüntü naminə hər hansı bir fəaliyyət göstərə bilmədi. Ancaq Ermənistan rəhbərliyi daha uzağa getdi. Ondan sonra bizə qarşı açıq təhdidlər dilə gətirildi. Yeni torpaqlar uğrunda yeni müharibə ilə bizi hədələdilər. Amma yenə də beynəlxalq ictimaiyyət buna susdu. Bu, açıq təhdiddir. Özü də işğalçı dövlət tərəfindən işğala məruz qalan dövlətə qarşı növbəti təhdiddir. Yəni, bizi növbəti işğalla hədələyirdilər. Ancaq nə BMT, nə ATƏT, nə başqa təşkilatlar, nə Minsk qrupu heç bir açıqlama verməmişdi. Əlbəttə ki, işğalçı bundan ruhlanaraq daha da azğınlaşmışdı və faktiki olaraq Ermənistan tərəfindən onilliklər ərzində uydurduğu mifologiyaya inanmağa başlamışdı. Biz bu mifologiyanı darmadağın etdik, cəmi 44 gün ərzində düşməni torpağımızdan qovduq, Ermənistan bizim qabağımızda diz çökdü, başını əydi, kapitulyasiya aktına imza atmağa məcbur oldu, imdad dilədi və bu gün də həmin vəziyyətdədir. Bu gün də yer qalmayıb qapısını döyməsin ki, amandır Azərbaycan bizi hədələyir, Azərbaycan bizi burada boğmaq istəyir. Biz öz vəzifəmizi icra etmişik. Bizim başqa dövlətlərin torpağında gözümüz yoxdur, heç vaxt olmayıb. Ancaq biz öz torpağımızı heç kimə verəsi deyilik və İkinci Qarabağ müharibəsi bunu bir daha sübut etdi", - dövlət başçısı deyib.
Prezident əlavə edib: "Biz bundan sonra ancaq və ancaq güclənəcəyik və postmüharibə dövrü bunu bir daha göstərdi. Həm ərazilərin bərpası, həm beynəlxalq müstəvidə addımlarımız bizim gücümüzü göstərdi. Çünki postmüharibə dövrü çox həssas bir dövrdür və artıq il yarım keçəndən sonra tam əminliklə demək olar ki, biz bu çətin sınaqdan da şərəflə çıxdıq. Aparıcı beynəlxalq təşkilatlar postmüharibə reallıqlarını qəbul etdilər. BMT, hansı ki, Şuşada beynəlxalq tədbir keçirmişdir. Avropa İttifaqı hazırda Azərbaycan-Ermənistan arasında normallaşma prosesində çox fəal iştirak edir. ATƏT, hansı ki, çox yaxşı başa düşür Minsk qrupu artıq yoxdur. Düzdür mən, bir neçə ay bundan əvvəl, hələ Rusiya-Ukrayna müharibəsindən əvvəl demişdim, məndən soruşmuşdular ki, Minsk qrupu nə ilə məşğul olacaq? Dedim ki, 2022-ci ildə onların yaranmasının 30 illik yubileyidir. Yubiley keçirəcəklər, sonra pensiyaya gedəcəklər. Amma Rusiya-Ukrayna müharibəsi başlayandan sonra heç yubiley keçirməyə bunlarda fürsət olmadı".