"İşğaldan azad olunan torpaqlarımızda ekologiyaya dəymiş ziyanın hesablanması ilə bağlı müvafiq işlər görülür".
"Report"un xəbərinə görə, bunu Zəngilanda jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan ekologiya ilə bağlı 20-yə yaxın konvensiyanın tam hüquqlu üzvüdür:
"Beynəlxalq konvensiyasının mütəxəssisləri bizimlə birlikdə monitorinqlərdə iştirak edəcəklər. Bu zaman onlar erməni vandallığının şahidi olacaqlar. Bizim Qarabağ bölgəsində yeraltı və yerüstü qiymətli yataqlarımız var. Mineral su ehtiyatlarının 40 faizi bu bölgədə formalaşıb".
Nazir müavini qeyd edib ki, mənfur düşmən ölkəmizin faydalı yataqlarını da dağıdıb:
"Bizim qurub yaratdığımız evlərimizdə 30 il yaşadılar və getdikdə evləri yandırdılar. Bu illər ərzində 100 min hektar ərazidə yanğınlar törədib, flora və faunamıza böyük ziyan vurublar. Bunlarla bağlı araşdırma aparılır. Bunlarla bağlı beynəlxalq qurumlar qarşısında məsələ qaldırılacaq".