“Bu günədək Azərbaycanın işğaldan azad edilmiş 64 min hektar ərazisi minalardan təmizlənib”.
"Report" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov BMT-nin İnkişaf Proqramının (BMTİP) və ANAMA-nın birgə təşkilatçılığı ilə Şuşada minatəmizləmə mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 282 azərbaycanlı Ermənistanın basdırdığı minaların qurbanı olub, onlardan 46-sı həlak olub:
“Ümumilikdə minatəmizləmə fəaliyyəti zamanı 28 000-dən çox piyada əleyhinə mina və 39 000-dən çox partlamamış hərbi sursat aşkar edilib”.
V.Süleymanov ANAMA-nın BMTİP ilə əməkdaşlığa maraq göstərdiyini vurğulayıb: “Bu gün imzalayacağımız layihə işimizin keyfiyyətinin yüksəldilməsinə kömək edəcək”.
İdarə Heyətinin sədri minatəmizləmə məsələlərində gender mövzusunun vacibliyini də qeyd edib.
Onun sözlərinə görə, qadınların minatəmizləmə işində iştirakı və Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması gender inklüzivliyinin təşviqinə töhfə verəcək.
ANAMA sədri həmçinin beynəlxalq ictimaiyyəti və təşkilatları Azərbaycanda minatəmizləmə prosesinə kömək etməyə çağırıb: “Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcək”.