Qarabağ ərazisi tamamilə minalardan təmizlənməlidir.
Bunu “Report”a açıqlamasında Kral Salman adına Humanitar Yardım və Dəstək Mərkəzinin Səhiyyə və Ətraf Mühitə Yardım Departamentinin direktoru Abdulla Saleh Əl-Moallem deyib.
“Biz minalarla mübarizə üzrə III Beynəlxalq Konfransda iştirak etmək imkanımızdan çox məmnunuq. Minalar təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində də real təhlükə yaradır”, - o qeyd edib.
Onun sözlərinə görə, Humanitar Yardım Mərkəzi Yəmən, İraq, Azərbaycan kimi müxtəlif ölkələrə dəstək verir, onlara minaların zərərsizləşdirilməsinə yardım göstərmək üçün əlindən gələni edir:
“Azərbaycan hökumətinin mina təhlükəsi ilə bağlı fikirlərini bölüşür və ümid edirik ki, ətraf mühitin, insanların həyatının bərpasına kömək etmək üçün minalanmış ərazilər tez bir zamanda təmizlənəcək və insanların normal həyatı təmin ediləcək”.
Xatırladaq ki, bu gün Zəngilanda “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər edilməsi” mövzusunda III Beynəlxalq Konfrans işə başlayıb.