Dövlətin məcburi köçkünlər üçün tikdiyi yaşayış evindən imtina edənı ailə 28 il Şuşaya qayıdacaqları inancı ilə yaşayıb.
Şuşadan məcburi köçkün olan Əmrahovlar ailəsi Masallı rayonunun Ərkivan qəsəbəsində məskunlaşan ailələrdən biridir.
"Report"un Cənub Mərkəzinin Əmrahovlar ailəsindən Şuşanın işğaldan azad edilməsi ilə bağlıvideo reportaj hazırlayıb.
Bu ailədə hər şey yerində görünür. Həsrətli olsalar da üzlərində sevinc var. Səbəbsiz də deyil. İllərlə intizarında olduqları ata-baba yurdları, Azərbaycanımızın qeyrət simvolu olan Şuşa qalası rəşadətli ordumuz tərəfindən düşməndən geri alınıb.
Hacı Elşən Əmrahov Şuşanı tərk etmək məcburiyyətində qalanda 21 yaşı olub. Deyir ki, Şuşa boşaldılmışdı. Silah, texnika yox idi. 34 nəfər fədai qaldı və sona qədər vuruşdu. Özü isə qoca, qadın və uşaqları ərazidən uzaqlaşdırmağa çalışıb. Piyada olaraq on üç günə Ağdamın Mirzələr qış yatağına çatanda dəstədən iki nəfər qalıblar. Beləcə ailənin Ağdamın da işğalından sonra 28 ilə yaxın bir müddətdə Masallıda köçkün həyatı başlayıb. Ərkivan qəsəbə uşaq bağçasında sığınacaq tapan ailə illərlə özlərinə gələ bilməyiblər. Atalarının məzarı Şuşada qalsa da dünyasın dəyişən analarını Masallıda dəfn ediblər.
Ailə üzvlərindən bir neçə şəhid olsa da, nəslin davamçıları bu gün də ata-baba yurdlarını mənfur düşməndən azad edilməsində iştirak edirlər.
İllərdir Ərkivanda yaşayıb, yerli camaatla qaynayıb-qarışan, qohumluq əlaqələri ilə bir-birinə bağlanan Əmrahovlar ailəsinə Lənkəranda məcburi köçkünlər üçün inşa olunan çoxmərtəbəli binada mənzil təklif edilib. Lakin ailə bundan imtina edib. Səbəb isə uşaya, öz evlərinə qayıdacaqlarına əminlikləri olub.
Ailənin ən kiçikləri də valideynlərinin bir vaxtlar yurd yerləri olan Qarabağa yaxşı bələddir. Hələlik xəritə üzərində.
Yeni xəritələri isə onlar çəkəcək.