Gürcüstan dövlət nömrə nişanlı avtomobillərlə Azərbaycanda taksi fəaliyyəti göstərən, eyni zamanda mikroavtobuslarla qanunsuz sərnişin daşıyan sürücülərlə bağlı bir neçə dəfə mətbuatda məsələ qaldırılıb. Yol polisi bu cür halların qanunsuz olduğunu diqqətə çatdırıb və sürücülərin aşkarlanaraq cərimələndiyini bildirib. Lakin bundan da ciddi bir problem hələ qalmaqdadır. Söhbət xarici dövlət qeydiyyat nişanlı iri tutumlu avtobuslardan gedir.
"Report"a müraciət edən oxucu bildirib ki, xüsusilə Bakı-Qazax yolunda rast gəlinən bu avtobusların sürücüləri qayda-qanun tanımır. Bu sürücülər yüksək sürətlə idarəetmə, təhlükəli manevrlər edirlər. Ən maraqlısı isə üzərində Azərbaycan dilində “Sifariş qəbul olunur” yazaraq Azərbaycan mobil operatorlarına məxsus olan nömrələr yerləşdirirlər. Yəni, bu avtobusları sürənlər ya Azərbaycan vətəndaşları, ya da Gürcüstan vətəndaşı olan azərbaycanlılardır. Böyük ehtimalla onlar elə ölkə daxilində fəaliyyət göstərirlər.
Vətəndaşlardan biri tərəfindən çəkilən videogörüntülərdə GE MO 403 KU və GE DA 646 KL Gürcüstan dövlət nömrə nişanlı “Mercedes 403” markalı iritutumlu avtobuslar əks olunub. Yüksək sürətlə hərəkət edən hər iki avtobus sanki yolda yarışırlar. Avtobuslardan biri sol zolağı tutaraq gedir. Digəri isə sağda hərəkətdə olduğu zaman sürəti artıraraq onu ötür və sol zolağa keçid edir.
Problemin iki tərəfi mövcuddur. İlk problem bu avtobus sürücülərinin qaydalara riayət etməməsidir. Onlar bir çox hallarda 90 km/saat sürətlə hərəkət etməli olduqları halda 120-130 km/saat sürətlə hərəkət edirlər (bu, videoda da görünür). Digər tərəfdən yolun sol zolağını tutaraq digər sürücülər üçün təhlükə yaradırlar.
İkinci məsələ isə onların göstərdikləri xidmətə görə dövlət büdcəsinə vergi ödəyib-ödəmədikləri ilə bağlıdır. Bu avtobuslar Bakı Beynəlxalq Avtovağzalından hərəkət edirmi? Yoxsa qanunsuz olaraq fəaliyyət göstərirlər?
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (BBAK) mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova "Report"a açıqlamasında bildirib ki, Bakıdan həftənin 3 günü Batumi, hər gün isə Tbilisiyə avtobuslar hərəkət edir. Avtobuslar daşıyıcı şirkətlərə məxsusdur, Bakı Beynəlxalq Avtovağzal Kompleksi müqavilə əsasında həmin şirkətlərin xidmətlərindən istifadə edir:
"Konkret olaraq bu iki avtobus barədə isə onu bildirmək istəyirəm ki, qeyd olunan dövlət nömrə nişanlı avtobusların heç biri avtovağzal ərazisindən fəaliyyət göstərmir. BBAK ərazisindən hərəkət etməyən beynəlxalq və şəhərlərarası istiqamətlərə sərnişin daşıyan avtobuslara görə məsuliyyət daşımır".
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə "Report"a açıqlamasında bildirib ki, istənilən qayda pozuntusu vizual, yaxud xüsusi texniki vasitələr tərəfindən aşkarlandıqda müvafiq olaraq barəsində inzibati qaydada protokol tərtib olunur: "Bu, Gürcüstan dövlət nömrə nişanlı avtomobillərə də aiddir. Bu sistem uzun müddətdir ki, işləyir və faktlar aşkarlandığı təqdirdə sürücülər inzibati qaydada tənbeh olunur".