Bu gün Azərbaycanda Polis Günüdür. Azərbaycan Polisinin yaranmasından 104 il ötür. Bu çətin və məsuliyyətli peşənin sahibləri arasında zərif cinsin nümayəndələri xüsusi ilə fərqlənir. Bu cür fərqlənənlərdən biri də Solmaz Zeynallıdır. O, bir ilə yaxındır ki, Daxili İşlər Nazirliyininin əməkdaşıdır və polis kimi fəaliyyət göstərir. S.Zeynallı karate üzrə Avropa Çempionatının gümüş medalçısıdır.
“Report”un əməkdaşı 2 iyul - Polis Günü ərəfəsində Solmaz Zeynallı ilə həmsöhbət olub.
Məlum olub ki, müsahibimiz həm də şəhid bacısıdır. Onun qardaşı Tural Zeynalov Vətən müharibəsində xüsusi qəhrəmanlıq göstərərək şəhid olub.
Təxminən bir ilə yaxındır polis kimi xidmətə başlayan S.Zeynallı bu peşəyə qardaşı şəhid olandan sonra sahiblənmək istədiyini bildirib:
"Qardaşım Tural Zeynalov İkinci Qarabağ müharibəsində Füzuli və Cəbrayıl uğrunda gedən döyüşlərdə şəhid olub. Bundan sonra qərar verdim ki, mən polis olacağam. Mən də qardaşım kimi xalqıma və Vətənimə xidmət etmək istəyirəm. Valideynlərim isə bu şərəfli peşəni seçərkən ən böyük dəstəkçim oldu”.
S.Zeynallı deyir ki, iş qrafiki saat 09:00-dan 17:00-a kimidir:
“Bu zaman daxilində biz öz ərazimizdə xidmət edirik. Xidmət zamanı yanımızdan keçən insanların bəzən bizə yaxınlaşaraq "Azərbaycan qadınına forma çox gözəl yaraşır" deməsi və bu kimi xoş sözlər söyləməsi bizi sevindirir. O zaman deyirəm yaxşı ki, polis əməkdaşıyam və xalqıma, Vətənimə şərəflə xidmət edirəm. Polis kimi xidmətdə olmaq mənə böyük şərəfdir, bu, çox qürurvericidir”.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 mayda imzaladığı 710 nömrəli Fərmanına əsasən, 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Daxili İşlər Nazirliyinin tərkibində ilk polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi Günü elan edilib.
Mövzu ilə bağlı süjeti təqdim edirik: