Məktəbqabağı hazırlıq - VİDEOREPORTAJ

Məktəbqabağı hazırlıq - VİDEOREPORTAJ “Yarmarkada satılan məktəbli ləvazimatlarının qiymətləri digər yerlərlə müqayisədə münasibdir”
Multimedia
12 Sentyabr , 2017 12:28
Məktəbqabağı hazırlıq - VİDEOREPORTAJ
Report/ Orxan Əzim

Bakı. 12 sentyabr. REPORT.AZ/ Yeni dərs ilinin başlanmasına cəmi üç gün qalıb. Buna baxmayaraq hələ də məktəbli formaları alan valideynlərə rast gəlmək mümkündür. Əksər valideynlər Bakı Tikiş Evinin (BTE) istehsalı olan məktəbli formalarına üstünlük verir.

BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov “Report”a açıqlamasında bildirib ki, həmişə olduğu kimi valideynlər dərslərin başlamasına bir neçə gün qalanda gəlməyə başlayırlar: “Bu il alıcılıq qabiliyyəti ötən illərlə müqayisədə bir neçə dəfə aşağı düşüb. Buna səbəb başqa ölkələrdən Bakıya gətirilən mənşəyi bilinməyən və sertifkatı olmayan saxta məktəbli formalarıdır. Həmin məktəbli formaları zirzəmi şəraitində tikilməklə yanaşı, üzərinə BTE-yə məxsus nişanlar vurulur”.

Valideynlərə müraciət edən BTE rəsmisi qeyd edib ki, heç bir gigiyenik sertifikata malik olmayan belə məktəbli formaları uşaqlarda allergiya, müxtəlif səpkilər, əsəb pozğunluğu yaradır. Kənarda satılan məktəbli formalarının qiyməti ilə BTE tərəfindən tikilən məktəbli formalarının qiymətində cəmi 5 manat fərq var.

Qiymətlərə gəlincə, şöbə rəisi bildirib ki, I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, yuxarı ölçülər isə 46 manat təşkil edir: “BTE tərəfindən məktəbli köynəkləri də tikilir. 26-54 ölçülü bütün köynəklərin qiyməti 8 manatdır. Köynəklərin tikilməsi üçün istifadə edilən pambıq parçalar Türkiyə istehsalıdır. Məktəblilər üçün nəzərdə tutulan jiletlər də ölçüsündən asılı olmayaraq 8 manata satılır”.

BTE-dən övladları üçün məktəbli forması alan valideyn Zülfiyyə Quliyeva “Report”a açıqlamasında işi ilə əlaqədar məhz son günlər alış-veriş etdiyini deyib: “Məktəbə o qədər də tam hazır deyilik. İşimlə bağlı çox vaxt edə bilmədiyimdən lazım olan ləvazimatları tam ala bilməmişəm. Valideynlərə məsləhət görərdim ki, saxta məktəbli geyimlərinə aldanmasınlar. Buradan aldığım məktəbli formasını uşaqlarıma üç il geyindirə bilirəm. Saxta məktəbli geyimlərini isə bir ildən artıq geyindirmək olmur”.

Bir uşaq atası İlkin Hacıyev övladının məktəbə hazırlığı üçün bütün lazımi işləri gördüyü vurğulayıb: “Məktəbli formasına 48 manat pul ödəmişəm. Qiymətlə əlaqadar bir az narazıyam. Çünki çoxuşaqlı ailələr üçün bu, maddi baxımdan çətinlik yaradır”.

Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin şəhərin mərkəzi küçələrində təşkil etdiyi məktəbli yarmarkasına baş çəkdik. Yarmarkada məktəbli üçün lazım olan bütün ləvazimatlar münasib qiymətə satılır. Məhsulların qiyməti idxal olunduğu ölkəyə və keyfiyyətinə görə dəyişir.

Yarmarkada övladları üçün alı-veriş edən valideyn Sevinc Bağırova iki uşağı üçün məktəb ləvazimatlarının əksəriyyətini aldığını diqqətə çatdırır. “Məktəbli çantasını doldurmağa qız üçün orta hesabla 300 manat, oğlan üçün 200 manat lazımdır. Əsas məsələ keyfiyyətli çantanın olmasıdır. Bunun üçün 50-60 manatdan keçmək lazımdır. Yarmarkada satılan məktəbli ləvazimatlarının qiymətləri digər yerlərlə müqayisədə münasibdir”.

Qeyd edək ki, yarmarkadsa hər qiymət və keyfiyyətdə məhsul var. Sentyabrın 25-nə kimi fəaliyyət göstərəcək yarmarkada məhsulların qiymətinə gəlincə, qələmlər 10 qəpikdən 1 manat 50 qəpiyə, pozanlar 30 qəpikdən 1 manata, dəftər və kitab üzləri 5 qəpikdən 40 qəpiyə, yapışqanlar 30 qəpikdən 2 manata, xətkeşlər 20 qəpikdən 3 manata, kitab qoyub oxumaq üçün ləvazimat 3 manatdan 8 manata, plastilin 1 manat 50 qəpikdən 11 manata, rəngli kağızlar 70 qəpikdən 5 manata, sulu boya 1 manat 50 qəpikdən 6 manata, su qabları 3 manatdan 25 manatadək, 12 vərəq dəftərlər 12 qəpikdən başlayır və vərəq sayına görə qiymətlər 1 manata kimi dəyişir. Rəngli karandaşlar 70 qəpikdən 5 manata, qovluqlar 30 qəpikdən 30 manata, məktəbli çantalarının qiyməti isə 20-60 manat arası dəyişir.

Video: Orxan Əzim

Son xəbərlər

Orphus sistemi