Salyan. 30 yanvar. REPORT.AZ / Kür çayının Salyan rayonun ərazisindən keçən hissəsində suyun səviyyəsi aşağı düşməkdə davam edir.
“Report”un Aran bürosu xəbər verir ki, qış fəslinin olmasına baxmayaraq, Kür çayında suyun səviyyəsi təkcə son 5 gündə 60 santimetrdən çox aşağı düşüb. Hətta bəzi yerlərdə kiçik adalar əmələ gəlib.
Çayda suyun səviyyəsinin aşağı düşməsi bəzi çətinliklər yaradıb. Suyun səviyyəsinin aşağı düşməsi nasos stansiyalarının tam gücü ilə işləməsinə mənfi təsir göstərir. Bəzi sakinlərin Kür qırağında quraşdırdığı kiçik həcimli su nasosları quruda qaldığından həyətyanı sahələrini suvarmaqda çətinliklə üzləşirlər.
Qeyd edək ki, bu ilin yanvarın əvvəlindən indiyə kimi Kürün səviyyəsi 1,3 metr aşağı düşüb. Mütəxəssislərin fikrincə, qış aylarında çayda enmələr bu tempdə davam edərsə, gələcəkdə vəziyyət böhran həddinə çata bilər.