Yuxarı

İran Gülüstanında Qarabağın hissəciyi - FOTOREPORTAJ

Müasir qızılbaşlar əyalətin siyasi və sosial həyatında fəal iştirak edirlər

Bakı. 20 aprel. REPORT.AZ/ Tarix kitablarından Səfəvi şahlarının hakimiyyəti dövrünə həsr olunan bölmələrdə köçəri xalqlar olan qızılbaşlar haqqında yazılara tez-tez rast gəlmişik

Şiə məzhəbinə məxsus bu xalqın nümayəndələri başına 12 imamın şərəfinə 12 qırmızı xətti olan çalmalar qoyublar. Xalqın adı da elə bundan irəli gəlir. Azərbaycanlılarla eyni kökləri olan və Azərbaycan dilində danışan həmin xalqın nümayəndələri Səfəvi dövlətində kifayət qədər nüfuza malik olublar. 1502-ci ildə Ağqoyunlular ordusunu darmadağın edən qızılbaşlar sayəsində Şah İsmayıl Xətai taxta sahib olub. Onlara olan minnətdarlıq hissinin göstəricisi olaraq Şah İsmayıl öz əsgərlərini şahsevən adlandırdı. 

Bundan sonra I Şah Abbasın taxta gəlməsinə qədər qızılbaşlar dövlət iyerarxiyasında yüksək vəzifə tutmağa başladılar. Şah Abbas onların belə nüfuza sahib olmasından çəkinərək, yüksək vəzifələrə farsları və qüləmləri (şaha sevgi ruhunda yetişdirilən qeyri-müsəlmanlar) təyin etməyə başladı, bununla da bir zamanlar qüdrətli qızılbaşları nüfuzdan saldı. Şah Abbasın son addımı dövlət sərhədlərinin mühafizəsi üçün qızılbaşların ölkənin sərhəd ərazilərinə köçürülməsi oldu. Köçkünlərdən bir çoxu Qarabağ, Təbriz və Ərdəbil sakinləri idi. Qızılbaşlar xalqını təşkil edən qəbilələrdən ən böyükləri Məmişli, Ustaclı, Sadıqlı və s. qəbilələr idi. 

Qızılbaşlar o gündən bu günə qədər Gülüstanda yaşamağa başlayıblar. Təbii ki, farsların nüfuzu qızılbaşların həyat və məişətinə təsir edib, lakin onlar öz mədəniyyətini qorumağa davam edir və tarixi torpaqlarına geri qayıdacaqlarına ümid bəsləyirlər. Qarabağlı qızılbaşlar üçün bu məsələ bir qədər də çətindir, lakin onlar o günün gələcəyinə əmindirlər. Belə ki, Gülüstan ostandar aparatında şöbə müdiri işləyən Qulamrza Məmişli öz köklərini unutmur: "Mən özüm Qarabağdanam və ora səfər etmək və ya əcdadlarımın torpaqlarına qayıtmaq istəyirəm".

Buna baxmayaraq, İranın əsasən Gülüstan əyalətində yaşayan qızılbaşlar ölkənin gündəlik həyatından kənarda qalmır və əyalətin inkişafında fəal iştirak edirlər. Bunun əsas sübutu əyalət rəhbərinin məhz qızılbaşlar nümayəndəsi - Əli Sadıqlı və onun aparatının əməkdaşlarının da məhz öz xalqının nümayəndələri olmasıdır. Bununla belə, ölkə höküməti qızılbaşların öz mədəniyyətlərini inkişaf etdirmələrinə və İran cəmiyyətinə inteqrasiya olunmalarına maneə yaratmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi