İki ölkədən iş təklifi alan qubalı dulusçu: "Azərbaycanda işləmək daha sərfəlidir" - VİDEOREPORTAJ

İki ölkədən iş təklifi alan qubalı dulusçu: "Azərbaycanda işləmək daha sərfəlidir" - VİDEOREPORTAJ Quba rayonunda 35 ildir ki, dulusçuluqla məşğul olan sənətkar əldə etdiyi gəlirlə ailəsini dolandırır.
Multimedia
25 İyul , 2019 16:29
İki ölkədən iş təklifi alan qubalı dulusçu: Azərbaycanda işləmək daha sərfəlidir - VİDEOREPORTAJ
Report

Quba rayonunda 35 ildir ki, dulusçuluqla məşğul olan sənətkar əldə etdiyi gəlirlə ailəsini dolandırır.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, rayonun Yenikənd kənd sakini, 55 yaşlı Nəcəf Qədirov 20 yaşından qədim el sənəti olan dulusçuluqla məşğul olur.

O, sifariş əsasında şəxsi emalatxanasında gildən saxsı qablar və digər məişət əşyaları hazırlayır.

N.Qədirov bildirib ki, dulusçuluq zəhmət tələb edən sahə olsa da, işini sevir və böyük həvəslə bu sənətlə məşğul olur: "Heç vaxt peşman olmamışam bu sənəti seçməyə. Çünkü bu gün ailəmi dolandırmaq üçün yeganə gəlirimi hazırladığım dulus məmulatlarını satmaqla əldə edirəm. Mən öz oğluma da, digər gənclərə də məsləhət görürəm ki, bu sənəti öyrənsinlər. Mən heç bir ödəniş tələb etmədən öyrədərəm. Lakin indiki gənclər nədənsə bu sahəyə maraq göstərmirlər. Oğluma izah edirəm ki, mənim bu gün sahib olduğum ev, avtomobil, gördüyün bu hər şeyi bu sənətlə əldə etmişəm. Gənc nəsildə sanki bir tənbəllik var. Əməyə, zəhmətə qarşı biganəlik var. Mən bu sənətə 20 yaşında könüllü başlamışam. İndi 20 yaşlı bir gəncə deyirsən gəl sənətlə məşğul ol, adam tərs-tərs baxır".

Dulusçu əlavə edib ki, saxsı qabları hazırlamaq üçün xüsusi seçilmiş yağlı gil növündən istifadə olunur: "Bu torpaqdan xüsusi düzəldilmiş quyuda ən azı bir həftə saxlanıldıqdan sonra istifadə edilməyə başlanılır. Fırlanan dəzgahın üzərinə düzəldiləcək qabın ölçülərinə uyğun olaraq palçıq qoyulur. Düzəldilən yaş qab daha sonra bir müddət rəflərə düzülür və qurudulması gözlənilir. Qurumuş qablar isə xüsusi düzəldilən təndir-sobanın içinə düzüldükdən sonra odda bişirilməsi prosesi başlayır. Burada temperatur 1200 dərəcə olmalıdır ki, qablar tam bişərək saxsı halına düşsün. Qablar od söndükdən sonra 2 sutka sobanın içində qalmalıdır ki, tərkibi möhkəm olsun. Daha sonra qablar sobadan çıxarılır və istifadəyə hazır olur".

N.Qədirov qeyd edib ki, iki xarici ölkədən Ukrayna və Rusiya Federasiyasından iş təkilifi alsa da, qəbul etməyib.

O, Azərbaycanda işləməyin daha sərfəli olduğunu bildirib: "İkimərtəbəli evim var. Evimin birinci mərtəbəsini emalatxana kimi istifadə edirəm. Bütün dəzgahlarım var. Burada işləmək daha sərfəlidir. Emalatxanada hazırlanan saxsı qablar sifariş verənin ünvanına pulsuz çatdırılır. Sadəcə, bir problemimiz var, o da yolumuzun bərbad olmasıdır". 

Son xəbərlər

Orphus sistemi