Fəaliyyətinin əsas hissəsi dənizdə keçən neftçi: "İlk baxışdan qorxulu gəlsə də, dənizə öyrəşirsən" - VİDEOREPORTAJ

Fəaliyyətinin əsas hissəsi dənizdə keçən neftçi: "İlk baxışdan qorxulu gəlsə də, dənizə öyrəşirsən" - VİDEOREPORTAJ Saday Nəsibov bu gün də dənizlə bağlılığını itirməyib
Multimedia
20 Sentyabr , 2017 16:54
Fəaliyyətinin əsas hissəsi dənizdə keçən neftçi: İlk baxışdan qorxulu gəlsə də, dənizə öyrəşirsən - VİDEOREPORTAJ
Report/ Orkhan Azim

Bakı. 20 sentyabr. REPORT.AZ/ Bu gün onların - neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər günüdür.

"Report"un həmsöhbəti də ömrünün 41 ilini neft sahəsinə həsr etmiş, bu sahədə uğurlu fəaliyyət göstərmiş, həmkarları arasında yaxşı tanınan və hörmət qazanan 64 yaşlı əməkdar mühəndis Saday Nəsibovdur. O, peşə fəaliyyətinin əsas hissəsini dənizdə, xüsusilə də “Neft Daşları”nda keçirib. Uzun illər burada çalışıb. Daha sonra Neft-Qaz Çıxarma üzrə Baş İdarənin baş mühəndisi kimi işləyib, sonra “Qum adası” yatağında çalışıb. “28 May” NQÇİ-nin baş mühəndisi vəzifəsinə təyinat alıb. 2008-ci ildən “Azneft” İstehsalat Birliyində çalışmağa başlayıb və 2017-ci ilin yanvar ayına kimi “Azneft” İB-nin Neftin hasilatı və nəqli istehsalat şöbəsində rəis işləyib.

Hazırda "Azneft" İstehsalat Birliyində qazın yığılması, saxlanması, nəqli və kompressor təsərrüfatı şöbəsində mühəndis olaraq çalışır.

Onun uğurlu fəaliyyəti diqqətdən kənarda qalmayıb. 2009-cu ildə "Neft Daşları"nın 60 illik yubileyi münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar mühəndis" mükafatına layiq görülüb.

Saday müəllimlə söhbətimizə Bibiheybət Neft və Qaz Çıxarma İdarəsinin ərazisində başlayırıq. Bu da təsadüfi deyil. Çünki həmsöhbətimizin neft mədənləri ilə tanışlığı bu ərazidən başlayıb. O, I kursu bitirdikdən sonra 1972-ci ilin yayında Bibiheybət Neft və Qazçıxarma İdarəsinin ərazisində istehsalat təcrübəsi keçib.

Müsahibimiz bildirir ki, Neft Kimya İnstitutunun (indiki Neft və Sənaye Universiteti) Neft-mədən fakültəsində təhsil aldığı illərdə Bibiheybətdən başqa, Suraxanı Neft-Qaz Çıxarma İdarəsində, SSRİ-nin digər regionlarında - Tatarıstanda, Başqırdıstanda təcrübə keçib.

O, ali məktəbi bitirdikdən sonra 1976-cı ildə Sov.İKP-nin XXIII qurultayı adına Neft və Qazçıxarma İdarəsinə (indiki “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi) təyinat alır.

S.Nəsibov “Neft Daşları”na getdiyi ilk günü yaxşı xatırladığını deyir: “Neft Daşları”na qədəm qoyduğum gün idarənin rəisi Bəhmən Hacıyevlə görüşdüm və işə başladım. Müəyyən müddət operator vəzifəsində, sonra usta və yerdəyişmələrlə müxtəlif vəzifələrdə, o cümlədən şöbə rəisi vəzifəsində çalışdım. 1976-cı ildən 1992-ci ilə qədər “Neft Daşları”nda işləmişəm”.

Onun ilk işlədiyi yerə - “Neft Daşları”na bağlılığı xüsusidir. Müxtəlif İdarələrdə çalışdıqdan sonra yenidən “Neft Daşları”na qayıdıb və 2005-ci ilə qədər burada çalışıb.

O, "Neft Daşları”nda işləyən zaman Bəhmən Hacıyevdən başqa, məşhur neftçi Qurban Abbasovla (Neftçi Qurban) Sayad İbrahimovla çalışıb.

S. Nəsibov fəaliyyət illərinin əlamətdar hadisələrini də bizimlə bölüşür. O deyir ki, bu əlamətdar işlərdən ən böyüyü 1980-ci ilin aprel ayında indiki “28 May” NQÇİ-nin əsasını təşkil edən dayazsulu “Günəşli” yatağında 4 nömrəli ilk quyunun mənimsənilməsində iştirak etməyidir: "İlk 4 nömrəli quyunun mənimsənilməsində birbaşa iştirak etmişəm. Sonradan yataq böyüdü, 1989-cu ilin noyabr ayında əmr olundu ki, “28 May” adlı NQÇİ "Günəşli" yatağının bazasında yaradılsın. 1990-cı ilin yanvar ayında idarə yarandı və genişləndi. Gündəlik neft hasilatı 18 mindən artıq oldu. 1991-ci ildə o yataqda hasilatın pik həddi qeydə alınıb - illik 6,700 mln.ton neft”.

Dənizdə çalışmaq həm də güclü küləklə, tufanla da üz-üzə gəlmək deməkdir. Müsahibimiz deyir ki, 1976-cı ilin oktyabr ayında “Neft Daşları”nda güclü külək oldu. Dənizə cəmi bir aydır gələn işçi üçün bu qorxu yaratsa da, dənizdə işləməkdən imtina etməyib, 20 il dənizdə çalışıb. O deyir ki, ilk baxışdan qorxulu gəlsə də, dənizə öyrəşirsən.

S. Nəsibov onu da bildirir ki, 1992-ci ilin noyabr ayında “Neft Daşları”nın ağır günləri olmuşdu. Həmin vaxt güclü qasırğa nəticəsində hasilat bir həftə dayanıb, bütün əlaqələr kəsilib.

Saday müəllim bir dəfə də gəmidə olarkən qasırğaya düşüb: “Neft Daşları”nda estakada uçmuşdu. Dənizə getdik qəzanı ləğv edib qayıdanda gəmidə qasırğaya düşdük”.

O deyir ki, dənizin yaddaqalan xoş günləri də çox olur. Müsahibim “Neft Daşları”nın maraqlı yubileylərinin keçirildiyini qeyd edib. “Neft daşları” nın 50-55 illik, 60 illik yubileylərinin iştirakçısı olub.

O, bu gün də dənizlə bağlılığını itirməyib. Tələb olanda dənizə gedir.

“Neft Daşları” ilə bağlı yadigarları da saxlayır: “Mən “Neft Daşları” na ilk dəfə gedəndə 25 illik yubileyi keçirilmişdi. Mənə bu 25 illik yubileyin xatirə albomu hədiyyə olundu”. Müsahibimiz bu gün də yadigar olaraq saxladığı həmin 25 illiyin kiçik albomunu bizə göstərir.

Müsahibimiz deyir ki, “Neft Daşları”nda ilk yaşadığı otaq da onun üçün daim əzizdir və həmişə ora gedəndə o həmin otağı ziyarət edir. Ardınca əlavə edir ki, indi "Neft Daşları" çox dəyişib: "Mən ora ilk dəfə gedəndə yalnız bir beşmərtəbəli bina tikilmişdi. Sonra yataqxanaların sayı artırıldı. Bu gün artıq orda 2 ədəd doqquzmərtəbli, 5 ədəd beşmərtəbəli yataqxana var”.

Müsahibimizin xatirələri çoxdur. Biz də öz növbəmizdə “Neftçilər günü”ndə bu sahədə uzun illər xidməti olmuş, sevilən neftçilərdən birinin kiçik xatirələrini qələmə aldıq.

Son xəbərlər

Orphus sistemi