DYP Bakıda reyd keçirib, 50-yə yaxın sürücü barədə inzibati tədbir görülüb - FOTO - VİDEO

DYP Bakıda reyd keçirib, 50-yə yaxın sürücü barədə inzibati tədbir görülüb - FOTO - VİDEO Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və mikroavtobuslarla sərnişindaşma həyata keçirən sürücülərə qarşı reyd keçirib.
Multimedia
10 Oktyabr , 2018 17:58
DYP Bakıda reyd keçirib, 50-yə yaxın sürücü barədə inzibati tədbir görülüb - FOTO - VİDEO
Report/Elchin Murad

Bakı. 10 oktyabr. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda qanunsuz taksi fəaliyyəti ilə məşğul olan və mikroavtobuslarla sərnişindaşma həyata keçirən sürücülərə qarşı reyd keçirib.

“Report”un əməkdaşı reydin gedişini izləyib.

BŞBPİ-nin Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti alayının inspektoru, polis baş leytenantı Elçin Səfərzadə bildirib ki, reyd, əsasən, nəqliyyatın sıx hərəkət etdiyi küçə və prospektlərdə, eyni zamanda ”20 yanvar” dairəsində təşkil olunub: ”20 yanvar” dairəsində qanunsuz taksi və sərnişindaşıma həyata keçirən mikroavtobus sürücülərinə qarşı yol polisi uzun müddətdir tədbirlər görür. Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Amma bəzi hallarda YPX əməkdaşları ərazidən uzaqlaşan kimi, taksi və mikroavtobus sürücüləri ərazini zəbt edir. Bunun nəticəsidir ki, həmin ərazidə nəqliyyatın hərəkətində sıxlıq və tıxaclar yaranır. Yol polisi əməkdaşları belə halların qarşısını almaqdan ötrü mütəmadi reydlər təşkil edəcək".

Onun sözlərinə görə, ümumilikdə, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin 70 faizinin fərqlənmə nişanları yoxdur. Amma fərqlənmə nişanı olanlar da qaydaları pozurlar: “Fərqlənmə nişanları olan sürücülər də elə bilirlər ki, istənilən yerdə dayanıb taksi fəaliyyəti ilə məşğul ola bilərlər. Taksi fəaliyyəti ilə məşğul olan sürcülər üçün müxtəlif küçə və prospektlərdə dayanmağa icazə verən yol nişanları quraşdırlıb. Bakıdan Sumqayıt şəhəri istiqamətinə sərnişindaşmanı həyata keçirən taksi və mikroavtobus sürücüləri üçün isə Avtovağzal ərazisində yer ayırlıb, lakin sürcülər yenə də ”20 yanvar” dairəsinə toplaşır”.

Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı “Report”a bildirib ki, bu sahəyə çox ciddi nəzarət olunmalı və daha təsirli tədbirlər görülməlidir: “Bu gün keçirilən reyd zamanı psixotrop maddələrin təsiri altında avtomobil idarə edən sürücülərə də rast gəlindi. Yol Patrul Xidmətinin əməkdaşları belə sürücüləri avtomobildən düşürdü və onların avtomobili hərəkətdən kənarlaşdırıldı. Bundan başqa, xarici ölkələrdən, əsasən, Gürcüstandan gətirilən və bu ölkənin nömrə nişanları ilə idarə olunan avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olan sürcülər də var. Belə sürücülərə qarşı da tədbirlər görülməlidir”.

E.Muradlı əlavə edib ki, “20 yanvar” dairəsində hərəkətin tənzimlənməsi üçün işıqforlar qurlaşdırılıb, lakin buna baxmayaraq, yenə də nəqliyyatın və piyadaların hərəkətində çətinliklər yaranır: "Bir çox hallarda taksi və mikroavtobus sürücüləri marşurt xətt avtobuslarının dayanacaqlarını da zəbt edir. Ona görə də avtobus sürücüləri sərnişini düşürməkdən ötrü yolun hərəkət hissəsində saxlamağa məcbur olurlar. Bunun da nəticəsində həmin ərazilərdə tıxac yaranır”.

Reyd zamanı 50-ə yaxın sürücü barədə inzibati tədbirlər görülüb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda ictimai nəqliyyat sahəsində nizam-intizamın yaradılması, təhlükəsizliyin təmin edilməsi məqsədi ilə bir sıra addımlar atır.

Ötən gecə Yasamal, Nərimanov, Səbail, Nizami və digər rayonlarda aparılan yoxlamalar nəticəsində ictimai nəqliyyat sahəsində qənaətbəxş olmayan məqamlar ortaya çıxıb.

Foto/Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi