Dağlarda qarın əriməsi şimal bölgəsində sel təhlükəsi yaradıb - FOTOREPORTAJ

Dağlarda qarın əriməsi şimal bölgəsində sel təhlükəsi yaradıb - FOTOREPORTAJ Mütəxəssislər bu il quraqlığın olmayacağını bildirir
Multimedia
8 Yanvar , 2016 12:08
Dağlarda qarın əriməsi şimal bölgəsində sel təhlükəsi yaradıb - FOTOREPORTAJ

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanın şimal bölgəsində yağan qar əridikcə çaylarda suyun səviyyəsi qalxır. Bu da dağ çaylarının daşmasına səbəb ola və sel təhlükəsi riskini artıra bilər. Baş verə biləcək daşqın və sel təhlükəsi isə daha çox dağ çaylarına yaxın ərazidə məskunlaşan sakinləri narahat edir.
Qax Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nəzir Mustafayev "Report"a bildirib ki, sel təhlükəsi və daşqınların qarşısını almaq məqsədi ilə qabaqlayıcı tədbirlər görülüb: "Artıq payız fəslində daşqın və sel təhlükəsinin ehtimal olunduğu dağ çaylarında daş-beton bəndlər tikilib. Temperaturun aşağı olduğu rayonlarda, elecə də hündür dağ zirvələrində yay fəsli üçün kifayət qədər su ehtiyatı yığılıb. Bu da yay fəslində əkin sahələrinin suvarılmasında su qıtlığı problemini aradan qaldıran amildir".
İdarənin baş mühəndisi əlavə edib ki, ötən illərdə havaların quraq keçməsi əkin sahələrinin suvarılmasında ciddi problemlər yaradıb: "İki il idi ki, yay fəslində havalar quraq keçirdi. Qış fəslində qarın az miqdarda yağması əsasən yayda bir sıra çətinliklər yaradırdı. Ancaq bu il proqnoz tam başqadır. Dağ zirvələrinə bir metrdən çox yağan qar tədricən əriməyə başlayıb. Aran ərazilərdə isə bu proses sürətli gedir. Dağlara yağan qarın 30-40 faizinin əriməsi çaylarda bolsululuqla müşahidə olunur".
Qeyd edək ki, ötən il havaların quraq keçməsi bir sıra dağ çaylarının quruması ilə nəticələnmişdi. Belə ki, Kürmük, Zərnə və Ləkit kimi dağ çayları ötən il qurusa da bu il adı çəkilən çaylarda bol sululuq müşahidə olunur. Bu da daşqın və sel təhlükəsini artırır. Lakin mütəxəssislərin fikirincə çaylarda sahil bərkitmə işlərinin aparılması sel və daşqın təhlükəsi riskini azaldıb, həmçinin əkin sahələrinin suvarılması üçün kifayət qədər su bazasının yığılmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi