Dağıstanda azərbaycanlı sürücülər döyülüb, maşınları daşlanıb - VİDEO

Dağıstanda azərbaycanlı sürücülər döyülüb, maşınları daşlanıb - VİDEO Azərbaycan tərəfi Rusiya tərəfi ilə danışıqlar aparır
Multimedia
3 Aprel , 2017 17:53
Dağıstanda azərbaycanlı sürücülər döyülüb, maşınları daşlanıb - VİDEO
Report.az

Xaçmaz. 3 aprel. REPORT.AZ/ Martın 26-dan bəri Azərbaycan-Rusiya sərhədində yüzdən çox yük maşını dayanıb. Səbəb Rusiya ərazisinə daxil olan avtomobillərin və sürücülərin naməlum şəxslər tərəfindən daşlanmasıdır. 

"Report"un Şimal bürosu xəbər verir ki, son günlərdə 30-a yaxın avtomobilə ziyan vurulub, şüşələri sındırılıb, təkərləri deşilib.

"Samur" gömrük-buraxılış məntəqəsində gözləyən sürücü Yaşar Fətullayev "Report"a bildirib ki, ötən gün bir neçə sürücü avtomobildən düşürülərək vəhşicəsinə döyülüb: "Hazırda döyülən sürücülər Dağıstanda xəstəxanadadır. Bir nəfərin isə yük maşınını yandırıblar". 

Sürücü Ağalı Mirzəyev isə deyib ki, bunu edən şəxslərin kimliyi məlum deyil: "Biz bilmirik ki, Dağıstan ərazisində olan hadisələr niyə baş verir. Artıq on gündür döyülmək, zərər görmək qorxusundan sərhədin Azərbaycan tərəfində tədbir görülməsini gözləyirik".

Sürücülər həmçinin bildiriblər ki, gözlədikləri hər gün 200-300 manat dəyərində yanacaq sərf edirlər. Belə ki, onlar avtomobilin mühərrikini söndürsələr, soyuducudakı məhsul xarab olacaq.

Rusiyadan Azərbaycana yük maşını ilə daxil olan Ukrayna vətəndaşı Sergey Tayps vurğulayıb ki, Dağıstan ərazisində onun avtomobilini də daşa tutublar: "Onlar bütün yük maşınlarına zərər verirlər. İşıqforun qırmızı işığında dayandığım zaman kənardan avtomobilə yumurta və daş atdılar".

Xaçmaz Gömrük İdarəsindən "Reporta" bildirilib ki, hazırda Rusiya tərəfi ilə danışıqlar aparılır.

Qeyd edək ki, Rusiyada yük maşınları üçün "Platon" sistemi tətbiqinə başlanılıb. Bu sistemə əsasən, çəkisi 12 tondan ağır olan maşınların sürücüləri hər kilometrə əlavə pul ödəməlidir. İddialara görə, yerli sürücülər həmin pulu ödəmir, onlar "Platon" sistemilə pul ödəyən xaricilərə isə zor tətbiq edir.

Son xəbərlər

Orphus sistemi