Bu pilotların paraşütü olmur - REPORTAJ - VİDEO

Bu pilotların paraşütü olmur - REPORTAJ - VİDEO Bakı. 10 oktyabr. REPORT.AZ/ Report Föv­qə­la­də Hal­lar Na­zir­li­yi­nin (FHN) Avia­si­ya Dəs­tə­si­ işçilərinin iş prosesi ilə bağlı hazırladığı reportajı təqdim edir
Multimedia
10 Oktyabr , 2018 15:15
Bu pilotların paraşütü olmur - REPORTAJ - VİDEO
Report/Elchin Murad

Bakı. 10 oktyabr. REPORT.AZ/ "Report" Föv­qə­la­də Hal­lar Na­zir­li­yi­nin (FHN) Avia­si­ya Dəs­tə­si­ işçilərinin iş prosesi ilə bağlı hazırladığı reportajı təqdim edir

Onlar bu vacib dialoqu hər gün dəfələrlə səsləndirir:

“- Heç bir problem yoxdur. Helikopter uçuşa hazırdır.

- Uğurlu uçuşlar...”

Qısa arayış: FHN-in Avia­si­ya Dəs­tə­si­ hava gəmiləri (Helikopter və təyyarə) ilə axtarış-xilasetmə, yanğınsöndürmə, yüklərin və şəxsi heyətin daşınmasını həyata keçirən qurumdur.

Adi növbə

Bu gün Azərbaycanın Aviasiya dəstəsi 1 ədəd “BE-200 ÇS” tipli amfibiya təyyarəsinə, 6 ədəd “Mİ-17 1 V”, “Mİ- 172" və "Ka32" tipli helikopterlərə malikdir. Helikopterlər “anqar”da saxlanılır.

Döyüş növbəsi deyilsə, Avia­si­ya dəs­tə­si­ tam heyətlə səhər 9-dan axşam 18:00-dək iş başındadır. Təbii ki daha sonra növbətçilik rejimi gəlir, beləliklə, postda 24 saat növbətçi dəstə olur.

Adi növbə olan günlərdə iş rejimi plan cədvəli üzrə olur. Əgər uçuş yoxdursa, sərbəst hazırlıq, plan cədvəli üzrə məşğələlər, təlim-məşq uçuşları həyata keçirilir. Təlim-məşq uçuşlarında gənc pilotlar, komandirlər hazırlanır. Təlim zamanı süni yanğınsöndürmə və xilasetmə əməliyyatları təşkil edilir. Məsələn, təkər yandırıb onu söndürərək hədəfin müəyyən edilməsinə çalışılır.

Yanğınsöndürmə əməliyyatında basketlərdən istifadə olunur. Basketlərə su isə dəniz və süni göllərdən doldurulur. Basketlər helikopterin növündən asılı olaraq 4-5 ton su tutur.

Gecə uçuşları

Uçuşlar bir neçə növə bölünür: mürəkkəb meteroloji şəraitdə olan, gündüz və gecə uçuşları. Gecə uçuşları daha çətin olur, çünki qaranlıqdan ətrafı görmək olmur. Gecə uçuşları zamanı xüsusi cihazlardan istifadə edilir, pilotların dili ilə desək, “pribor”la uçurlar. Mayaklar isə gecə onların ən böyük yardımçısıdır.

Pilot uçmazdan əvvəl öz marşrut xətti barədə məlumat toplayır, bütün yüksəklikləri nəzərə alır. Gündüz vizual uçurlar, gecə isə ən yüksək hündürlük seçilərək uçuşlar aparılır. Gecə vaxtı yanğın söndürməyə, xilasetməyə, hətta dağlıq ərazidə uçmağa icazə yoxdur.

Uçuşa hazırlıq prosesi

Adi uçuş heyətinə iki pilot, bir bort komandiri daxildir. Xilasetmə işləri üçün nəzərdə tutulan uçuşlarda xilasedicilər də portda olur.

Uçuşa hazırlıq prosesi təxminən 30 dəqiqə vaxt alır. Hər səhər bütün heyət yığılır, günlük plan müzakirə olunur. Məsələn, meteoroloji bölmə hava haqqında məlumat verir, çünki havanın uçuş üçün uyğun olması çox vacibdir.

Helikopter havaya qaxmazdan əvvəl port komandiri onu yoxlayır və komandirə məruzə edir.

Bir vertolyot gündə 8 saat uça bilər

Uçuşa hazır helikopterin havaya qalxması üçün maksimum 1-2 dəqiqə vaxt lazım olur. Bir vertolyot gündə 8 saat uça bilər. Vertolyotun tipindən və qoyulan tapşırıqdan asılı olaraq, onun havada qalmaq müddəti tənzimlənir, əlavə yanacaq çəni yoxdursa, o maksimum 3 saata yaxın, çən varsa, 4 saata yaxın havada qala bilər.

Vertolyotun öz akkumulyatorunun gücə düşməməsi məqsədi ilə əlavə akkumulyatorla motorun işə düşməsinə dəstək verilir.

Vertolyotlarda iki pər olur, ikinci pər hərəkəti tənzimləmək üçündür. Aparıcı vint saat əqrəbi istiqamətində hərəkət edir. Quyruq vint isə əksinə, onun yaratdığı təzyiqi aradan qaldırır.

Aviasiya səhvi sevmir... Vertolyotda paraşüt olmur

Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsinin vertolyot eskadriyasının Ekipaj komandiri Kapitan Murad Quliyevin 33 yaşı var, 9 ildir bu sahədə çalışır.  Ən sonuncu xilasetmə əməliyyatı Siyəzən ərazisində olub, orada balıqçını xilas ediblər.

Yazımın qəhrəmanı deyir ki, təhlükəli anlarla, qəza vəziyyəti ilə bütün pilotlar rastlaşır. Onun sözlərinə görə, aviasiya səhvi sevmir, bir səhv burada ölüm deməkdir: "Vertolyotda paraşüt olmur, bu səbəbdən də helikopterin pilotunun bir yolu var: helikopteri quruya endirmək".

“Pilot ilk olaraq özünü düşünməlidir ki, sərnişini də sağ qalsın”

Pilot ilk olaraq özünü düşünməlidir ki, sərnişini də sağ qalsın. Bu səbəbdən də pilotlar çox oxumalıdırlar, çox öyrənməlidirlər, daim bildiklərini təkrarlamalıdırlar. Heç vaxt özünə güvənməməli, sağlamlığa və fiziki hazırlığa xüsusi fikir verilməlidir.

Vertolyot yanğının içinə girmir

“Bəzən deyirlər helikopter niyə yanğının düz üstünə su tökmür? Çünki helikopterlər yanğının üzərindən keçmirlər, bu hal vertolyot üçün təhlükəlidir, alov mühərrikə girə bilər. Böyük yanğınların içinə girmədən ətraf əraziləri yanğından qorumaq üçün su yandan süzülür. Yanğının söndürülməsi üçün maksimum əraziyə yaxınlaşırıq, amma helikopteri də qəzadan qorumalıyıq" - deyir pilot.

Murad Quliyev qeyd edir ki, uçuşun hər iki etapı çətindir, həm qalxmaq, həm də enmək...

Kim pilot ola bilər?... 

Murad Quliyevin sözlərinə görə, pilot olmaq istəyənlər test imtahanı verməzdən əvvəl həkim və psixoloq müayinəsindən keçir, həmçinin fiziki bacarıqlarının yoxlanılması üçün imtahan verirlər. Bu müayinələrdən müsbət rəy alınmasa, imtahanda nə qədər yüksək bal yığsalar da, pilot ola bilməzlər. Bu səbəbdən də pilot olmaq istəyən gənclər sağlamlığını qorumalıdır və mükəmməl oxumalıdır. Pilot mü­kəm­məl bi­lik­lə­rə, zən­gin təc­rü­bə­yə əsaslanmalıdır.

Pilot olmaq istəyən şəxslər 200 saatdan çox uçandan sonra o adı daşıya bilərlər.

Pilotlar daim həkim nəzarətində olurlar. Onlar 8 saatdan az yatmamalıdırlar.

Azərbaycanda pilot hazırlayan bir neçə təhsil müəssisəsi var. 18-23 yaş arası olan şəxslər pilot ola bilərlər. Pilotlar sağlamlıqları imkan versə, 65 yaşa qədər işləyə bilər.

Aviasiya akademiyasını bitirənlərə verilən diplomda hər kəs "mühəndis pilot" adlanır, onlar təyinat üzrə ixtisaslaşırlar. 

Zədələnməyən "qara qutu"

Bütün vertolyotlarda "qara qutu" olur və baş verən hadisənin necəliyindən asılı olmayaraq o zədələnmir. 

Ambulans helikopteri

Ambulans tipli helikopter fövqəladə hadisə zamanı həkim briqadasını dərhal hadisə yerinə çatdırılmasında, zərərçəkənlərə təcili tibbi yardım göstərilməsində, onların təxliyyə edilməsində geniş istifadə edilir. Helikopterin salonu oturaq və yataq xəstələrin daşınması, onlara yerindəcə təcili tibbi yardımın göstərilməsi üçün tam uyğunlaşdırılıb. Helikopterdə 5 yataq xəstəsi götürülə bilər.

Ambulans helikopterinin çağrılması üçün ilk olaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə zəng etmək lazımdır. Göstəriş komanda məntəqəsinə, oradan uçuş məntəqəsinə, məntəqədən həmin vaxt iş başında olan növbənin dəstə rəhbərinə məruzə olunur. Dəstə rəisi uçuşun keçirilməsi ilə bağlı qərar qəbul edir və bununla bağlı eskadriya komandirinə məlumat verilir. Eskadriya komandiri hazırlıq ekipajı təyin edir. Nəticədə hazırlıq ekipajı xəstəni götürüb klinikaya gətirir. 

Xəstə arxasınca gedən ambulans helikopterində 3 ekipaj üzvü olmaqla 5 nəfər gedir. Xəstə ilə isə ən yaxın insanları götürülür. Məsələn, xəstə uşaqdırsa, ata və anası helikopterə minə bilər. Yeri gəlmişkən, Bakıda bir neçə xəstəxanada helikopter üçün meydança var.

Xarici ölkələrdə uçuşların fərqi

Avia­si­ya dəs­tə­si­nə məx­sus he­li­kop­ter­lər tək­cə öl­kə­miz­də de­yil, di­gər öl­kə­lər­də də me­şə yan­ğın­la­rı­nın sön­dü­rül­mə­sin­də iş­ti­rak edir. Murad Quliyev deyir ki, Azərbaycan Respublikasının müqavilə bağladığı ölkələrdə hadisə baş verərsə, helikopterlərimiz rəsmi göndərişlə həmin ölkələrə də gedirlər: "Digər ölkələrdə fərqlilik ancaq ərazinin relyefi ilə bağlı olur".

Ən çox neçə nəfər xilas edilə bilər...

Helikopter heyətdən başqa, maksimum 24 nəfər götürə bilir. Heyət isə 3 nəfərdən ibarətdir: komandir, 2-ci pilot (şturman) və mühəndis (bort-texnik).

FHN-in pilotlarının digər pilotlardan yeganə fərqi onların yanğınsöndürmə əməliyyatlarını da həyata keçirməsidir. Xilasetmə əməliyyatını digər pilotlar da həyata keçirir.

Pilotların dediklərinə görə, yanğınlar, əsasən, yay fəslində olur. Zəlzələ, sel, subasma, dənizdə batanlar olanda onlar xilasetmə işlərinə cəlb olunurlar. Məsələn, bu il avqust ayında Zaqatalada baş verən subasma hadisəsi zamanı helikopter ilə 28 nəfər təxliyyə olunub...

Foto/Video: Elçin Murad

Son xəbərlər

Orphus sistemi