Yuxarı

Binə sakinləri: "Hər yanı su basıb, evə pəncərədən giririk" - VİDEO

Binə sakinləri: "Hər yanı su basıb, evə pəncərədən giririk" 346

Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsinin sakinləri ərazidə kanalizasiya sisteminin olmamasından və həyətlərinin yağış sularını basmasından şikayəçidirlər.

Şikayətçilər “Report”a bildirib ki, yağışlı havalarda evlərdə yaşamaq mümkün olmur.

“Su pilləkənlərə qədər qalxır. Vəziyyət o həddədir ki, evə pəncərədən girib-çıxırıq. Mütləq qəsəbəyə kanalizasiya sistemi lazımdır. Ümumiyyətlə, Binə qəsəbəsində kanalizasiya sistemi olmayıb. 2-3 ildir ki, vəd verirlər, amma tədbir görən yoxdur. Yollar bərbad gündə, suyumuz da yoxdur. Qəsəbədə hamı eyni vəziyyətdədir”, - şikayətçilər qeyd edib.

Məsələ ilə bağlı "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı "Report"a bildirib ki, Binə qəsəbəsinə ötən il 40 km-dən artıq su xətləri çəkilib:

“Kanalizasiya sisteminin çəkiləcəyi hələ bilinmir. Su xətlərinin çəkilişi isə bu il də davam etdiriləcək. Hazırda qəsəbənin 30 faizində mərkəzləşdirilmiş su xətti var. Qaldı ki, həyətlərə yağış sularının dolmasına, ona Xəzər rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası baxır”.

Xəzər rayon İcra Hakimiyyəti və qəsəbə bələdiyyəsi ilə əlaqə saxlasaq da, suallarımız cavabsız qalıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi