Binanın həyətində ağacları kəsib tikinti aparmaq istəyirlər - VİDEOREPORTAJ

Binanın həyətində ağacları kəsib tikinti aparmaq istəyirlər - VİDEOREPORTAJ Bakının Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanında yerləşən yaşayış binasının sakinləri binanın həyətində yeni tikinti işlərinin aparılmasından narazıdır.
Multimedia
20 Fevral , 2020 18:03
Binanın həyətində ağacları kəsib tikinti aparmaq istəyirlər - VİDEOREPORTAJ

Bakının Nəsimi rayonu, Bakıxanov küçəsi, 42 ünvanında yerləşən yaşayış binasının sakinləri binanın həyətində yeni tikinti işlərinin aparılmasından narazıdır.

Binanın sakinləri "Report"a bildirib ki, həyətdə abadlıq-quruculuq işlərinin həyata keçiriləcəyini nəzərdə tutduqları halda qəfildən orada yeni tikilinin başlaması onlar üçün gözlənilməz olub.

Təxminən 500 nəfərə yaxın sakinin yaşadığı binanın birinci mərtəbəsində 5 saylı Şəhər poliklinikası və Bakı şəhər Təcili Tibbi Yardım Stansiyası yerləşir.

Şam və zeytun ağacları ilə yaşıllaşan həyət sakinlərlə yanaşı, həm də poliklinikada müalicə alan xəstələrin istirahət etməsi üçün istifadə olunur. Sakinlərin sözlərinə görə, həyətdə uşaqlar üçün nəzərdə tutulmuş mini futbol meydançası, təxminən, 60 il bundan əvvəl düzəldilib.

Binanın sakini Rəhman Səmədov bildirib ki, sözügedən həyət tarixi binanın balansındadır: “Bizim yaşadığımız binanın bünövrəsi 1951-ci ildə qoyulub. Bu bina daş bina olduğuna görə Mədəniyyət Nazirliyində xüsusi qeydiyyatdadır. Həyət də binaya daxildir. Qapalı həyətdir və hasarlanıb. Burada uşaqlar, qocalar, hətta poliklinikada müalicə alan xəstələr də istirahət edir. Bir neçə gün öncə gəlib burada həyətdə ölçü işləri aparıblar”.

Digər sakin Leyla Məmmədovanın sözlərinə görə, binanın həyətində tikinti işlərinin aparılması ekoloji cəhətdən mənfi təsir göstərəcək: “Çünki bir neçə gün öncə də gəlib ağaclara baxdılar və kəsəcəkləri ağacların sayını müəyyənləşdirdilər. Biz yaşıllığı burada qorumalıyıq. Ailələr var ki, uşaqlarını bu ağacların altında gəzdirirlər. Körpə uşaqlar var ki, onlara təbii hava lazımdır. Biz burada abadlıq işlərini gözləyirdik, kiçik meydançalar, səliqəli həyət arzulayırdıq. Amma gəlib burada nəsə tikmək istəyirlər”.

Peykər Quliyeva isə həyətdə tikinti işlərinin aparılması sakinlərin və 70 illik yaşı olan binanın təhlükəsizliyinin pozulmasına zəmin yarada bilər: “Çünki əgər burada tikinti işləri aparsalar, biz həyətə hardan daxil olub və ya çıxacağıq?. Bundan əlavə, düz binanın həyətində tikinti işləri binamızın da qəzalı vəziyyətə düşməsinə səbəb ola bilər. Tanımadığımız şəxslər gəlib həyəti ölçüb-biçiblər. İllərdir qoruduğumuz ağacların sayını götürüblər. Ümumiyyətlə, binanın həyətində yaşıllıqları məhv edib icazəsiz tikinti işləri aparmaq yolverilməzdir. Biz hətta həyətdə avtomobillərin saxlanılmasının qadağan olunmasını istəyirik. Çünki hər maşından çıxan tüstü sağlamlığa ziyandır. İnsan havasız yerdə yaşaya bilərmi?".

Nəsimi Rayon İcra Hakimiyyətindən "Report"a bildirilib ki, məsələ araşdırılır.

Video: Vüqar Xanlarov

Son xəbərlər

Orphus sistemi