Nazirlər Kabinetinin qərarına əsasən, avqustun 18-dən etibarən ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə açıq hava şəraitində xidmət göstərilməsinə icazə verilib.
Vətəndaşlara xidmət göstərən obyektlərdə sanitar normaların, sosial məsafənin qorunması kimi məsələlər aktuallaşıb. Mövcud vəziyyəti araşdırmaq məqsədilə Bakı Şəhər və paytaxt rayonlarının İcra Hakimiyyətləri, İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və Bakı Şəhər Baş Polis İdarəsinin məsul əməkdaşları birgə monitorinqlər keçirməyə başlayıblar.
Aparılan monitorinqlər zamanı açıq havada fəaliyyət göstərən əksər iaşə obyektlərində Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradılması, qaydalara ümumən düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb və mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış, qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Səhiyyə Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti birgə monitorinqlərin bundan sonra da davam etdiriləcəyini bəyan edir, sahibkarlıq subyektlərini ictimai iaşə sektorunda açıq hava sahələrində müştərilərə xidmətlərin həyata keçirilməsi zamanı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl olunmasına, xüsusilə müştəri qəbulu zamanı adambaşına müəyyən edilmiş sıxlıq normalarına əməl etməyə çağırır, cərimələrə məruz qalmamaq və sahibkarlıq fəaliyyətini yeni həyat tərzinin qaydalarına uyğun şəkildə qurmaq üçün diqqətli və məsuliyyətli davranmağa dəvət edir.
“Report” mövzu ilə bağlı AQTA-nın mətbuat katibi Aysel Fərziyeva, BŞİH-nin nümayəndəsi İsrafil Kərimov və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı Araz Kərimovun açıqlamalarını təqdim edir.